“Real Tv” və “Az TV” tura qələbə ilə başlayıb - FOTO

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi, eləcə də Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə sentyabrın 27-dən noyabrın 8-dək təşkil olunan şəhid jurnalistlərin xatirəsinə həvəskar komandalardan ibarət 4-cü Ənənəvi Minifutbol Turnirində 1-ci turunda ilk oyunlar keçirilib.
Rakus.az xəbər verir ki, A və B qrupları üzrə yaşıl sahədə ilk olaraq “Real TV” və “Baku WS” komandaları çıxıb. Görüş televiziya təmsilçilərininin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bakı Tennis Akademiyası
27 Sentyabr
I tur
A qrupu
19:00 “Real TV” – “Baku WS” – 2:1
Qollar: Bəkir Osmanov, Elçin Yusibov
Orxan Hüseynov
Günün 2-ci qarşılaşmasında “AzTV” “AZƏRTAC” ilə oynayıb və agentlik təmsilçilərinin qapısından 6 cavabsız top keçirib.
B qrupu
20:00 “AzTV” – “AZƏRTAC” – 6:0
Qollar: Mahir Qafarov 3, İbrahim Məmmədov, Sadiq Nağıyev, Cavidan Şükürov
Saat 19:00-da və 20:00-da başlayan oyunları AFFA-nın hakimləri Mahir Məmmədov və Vüsal Balaşov idarə ediblər.
Xal vəziyyəti: “AzTV” 3 xal, “Real Tv” 3 xal, “Baku WS” 0 xal, “AZƏRTAC” 0 xal.
Xatırladaq ki, Ardanış Futbol Akademiyasının və Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının dəstəyi, Azərbaycan Dövlət Televiziyası (AzTV), Baku TV, Real TV, AZƏRTAC, APA, Yurd Media agentliklərinin və BAKU.WS portalının informasiya dəstəyi, “Bee Tours”, “Mister Tum”un tərəfdaşlığı ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz Mustafayev, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.
İldə bir dəfə təşkil olunan turnirin ilk ilində, yəni 2022-ci ildə 6 komanda – “Ardanış”, “Göyçə”, “Sadaxlı”, “Ada Təpə”, “Novoivanovka” və “Media” təmsil olunub. 2023-cü ildə tarixi torpaqlarımız olan İrəvan, Göyçə, Qaraqoyunlu, Loru-Borçalı, Zəngəzur, Vedibasar, Dərələyəz, Talin, Sərdarabad, Ağbaba, Abaran, Dərəçiçək, Amasiya, Çəmbərək, Qəmərli, Ardanış, Qırxbulaq kimi digər mahal, şəhər, rayon və yurdlarımızı təmsil eməsi xüsusi məna daşıyıb. Komandaların sayı 8 olub – “Qərbi Azərbaycan”, “Zəngəzur”, “Göyçə”, “Loru-Borçalı”, “İrəvan”, “Çəmbərək”, “Ardanış” və “Qaraqoyunlu” adı altında mübarizə aparıb. Medianı “Qərbi Azərbaycan” adı ilə AZƏRTAC, “Zəngəzur” adı ilə AzTv təmsil edib.
2024-cü ildə turnirdə 12 komanda – “Ardanış, AzTv, AZƏRTAC, BAKU.WS, “Report” “Nərimanlı”, “Veteranlar”, “Turan”, “Hərbçilər”, “Gənclər”, “Qoşabulaq” və “Göyçə” adı altında mübarizə aparacaq. Yəni medianı 4 komanda təmsil edib.
Bu il – 2025-ci ildə isə turnirdə 12 komanda – AzTv, Baku TV Real Tv, “Cəmiyyət”, AZƏRTAC, APA, Yurd Media, Baku.WS, “Vətən”, “Veteranlar”, “Zəfər 44”, “Dəmir Yumruq” adı altında mübarizə aparacaq. Medianı 8 komanda təmsil edir.
Turnir hər birində 3 komanda olmaqla 4 qrupdan ibarətdir, sentyabrın 27-də başlayıb noyabrın 1-də başa çatacaq. Qruplar üzrə dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar 4/1-ə yüksələcək. Bu oyunlarında iştirak edəcək 8 komandadan qalib gələn 4 komanda yarımfinala çıxacaq. Yarımfinalda A1-B2, C1-D2, B1-A2, D1-C2 ilə görüşəcək. Qruplar üzrə qalib komandalar FİNAL-da, məğlublar isə 3-cü yer uğurunda qarşılaşacaq. Turnirin razılaşdırılmış qaydasına əsasən, qarşılaşmalar hər biri 25 dəqiqə olmaqla iki hissədən ibarətdir. Yarımfinal və final oyunları zamanı əsas vaxtda qalib müəyyənləşməzsə, penalti təyin olunacaq. AFFA hakimlərinin idarə edəcəyi turnirin Təşkilat Komitəsi iştirakçı komandaların nümayəndələrindən təşkil olunur və hər bir problemli məsələ komitə tərəfindən verilən qərarla həll edilir. Komandaların 12-14 nəfərlik heyətində yarış başa çatanadək heç bir dəyişiklik reallaşdırılmayacaq.
Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”, “ən çox qol vuran”, “ən yaxşı qapıçı” və “nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulur. İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də var. Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov “Veteranlar” komandasında çıxış edir. Oyunların şənbə və bazar günləri (açılış günü şənbə saat 19:00 və 20:00-dan başqa) saat 22:00/23:00-da keçirilir. Komandalar özlərinin idman geyimləri ilə yaşıl meydana çıxacaqlar. Oyunları AFFA-nın hakimləri idarə edəcək. Final oyunu bə bağlanış mərasimi noyabrın 1-də şənbə günü saat 19:00/20:00-da baş tutacaq.