Deputat: “Bakı platformasında, əsasən, Yeni Maliyyə Hədəfləri müəyyənləşir”
“Bakı platforması COP29 – BMT İqlim Dəyişiklikləri üzrə Konfransı çərçivəsində dünya siyasi liderlərini və iqlim diplomatiyasının əsas simalarını bir araya gətirib. Azərbaycanın evsahibliyi etdiyi bu nüfuzlu tədbir, iqlim dəyişikliyi ilə mübarizədə qlobal həmrəyliyi və əməkdaşlığı gücləndirmək məqsədi daşıyır”.
Rakus.az xəbər verir ki, bu sözləri “Azərbaycan” qəzetinə Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib. Deputat bildirib ki, COP29 konfransının Bakıda keçirilməsi, Azərbaycanın regionda və qlobal səviyyədə iqlim problemlərinin həllində aparıcı rol oynamağa hazır olduğunu göstərən Prezident İlham Əliyevin siyasi kursunun təsdiqidir. Bu diplomatik addım, Azərbaycanın dayanıqlı iqtisadi inkişafına, təmiz enerji istehsalının artırılmasına və ətraf mühitin qorunmasına yönəlmiş təşəbbüslərinin qlobal müstəvidə təqdimatına xidmət edir. Azərbaycan iqlim dəyişikliyinə qarşı mübarizədə həm inkişaf etməkdə olan, həm də inkişaf etmiş ölkələrlə əməkdaşlığı irəlilədərək, bu sahədə əhəmiyyətli bir vasitəçiyə çevrilib. “Bu cür təşəbbüslər Azərbaycanın beynəlxalq nüfuzunu artırır. Azərbaycan tədbirdə ambisiyalı Fəaliyyət Planını təqdim edib, bu isə maliyyə, insan kapitalı və sülh kimi sahələri əhatə edən 14 təşəbbüsü özündə ehtiva edir. Bakı iqlim platforması, həmçinin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin birgə iştirakı ilə enerji keçidi, karbon emissiyalarının azaldılması və ekoloji dayanıqlılığın artırılmasına dair hədəflərin müzakirəsini mümkün edib”, – o əlavə edib.
R.Nəbiyev qeyd edib ki, Bakı platformasında, əsasən, Yeni Maliyyə Hədəflərinin müzakirəsi aparılır. COP29-un əsas maliyyə hədəfləri inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşma və dayanıqlılıq qabiliyyətlərini artırmaq üçün yeni maliyyə mexanizmləri yaratmaq və mövcud maliyyə dəstəyini genişləndirməkdir. Bu konfransda 2025-ci ildə müddəti bitən və sənayeləşmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə illik 100 milyard dollar dəstək verməsini nəzərdə tutan əvvəlki hədəfi əvəz edəcək Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) müzakirə olunur.
Yeni maliyyə hədəfləri həm dövlət, həm də özəl sektorun iqlim dəyişikliyi ilə mübarizədə daha fəal iştirakını təşviq etmək məqsədini daşıyır. COP29-da Azərbaycan beynəlxalq iqlim maliyyəsinin daha geniş əsaslara keçməsi üçün bu maliyyə dəstəyinin artırılmasını və iqlim layihələrinə yeni sərmayələrin qoyulmasını təşviq edəcək. Bu hədəflər, həmçinin inkişaf etmiş ölkələrin, iqtisadi gücə malik digər dövlətlərin və özəl sektorun bərabər şəkildə töhfə verməsi üçün çağırışları əhatə edir.
Konfransda, həmçinin Azərbaycanın COP29 Atəşkəs Təşəbbüsünün diqqət çəkdiyini vurğulayan deputat bildirib ki, bu da bütün ölkələri konfrans müddətində sülhə çağırır və qədim Olimpiya oyunları ənənəsinə bənzər bir truce (atəşkəs) ideyasını vurğulayır: “Əraziləri beynəlxalq hüquqazidd olaraq 30 il işğal altında qalan Azərbaycanın bu təşəbbüslə çıxış etməsi regionda dayanıqlı sülh və sabitlikdə maraqlı olduğunu dünyaya bəyan edir. Qlobal tədbirdə iştirakla paralel olaraq, ölkəmizə səfər edən çoxsaylı dövlət və hökumət başçıları, hökumət üzvləri, digər siyasi, ictimai, elm xadimləri, QHT nümayəndələri hökumətimizin fossil enerjidən əldə edilən gəlirləri ölkənin hərtərəfli dirçəlişinə və insan kapitalının inkişafına yönəltməsinin şahidi olurlar. Onlar həmçinin İslam Əməkdaşlıq Təşkilatının üzvü, əhalisinin böyük əksəriyyəti islam dininə etiqad edən Azərbaycanda paralel olaraq dünyəvi dəyərlərin cəmiyyətdə harmoniyalı şəkildə yer tutması nümunəsi və ölkənin inklüziv inkişafına xidmət etməsi ilə tanış olurlar”.
R.Nəbiyev yekunda qeyd edib ki, ölkəmiz əleyhinə aparılan intensiv qarayaxma kampaniyalarına rəğmən, ümumilikdə bu nüfuzlu qlobal tədbir Azərbaycanın inkişafına dair beynəlxalq səviyyədə müsbət qiymətləndirmələrin artmasına töhfə verəcək.