Deputat uşaq pulu və əməkhaqqı ilə bağlı təklif verdi - FOTO
Bu gün Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2019-cu il üzrə fəaliyyəti barədə hesabatı dinləniləcək.
Rakus.az xəbər verir ki, sənədi Baş nazir Əli Əsədov videohesabat şəklində təqdim edəcək.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli Oxu.Az-a açıqlamasında deyib ki, ölkədə koronavirus infeksiyası ilə bağlı tətbiq edilən xüsusi karantin rejimi səbəbindən bugünkü iclasda iştirak edə bilməyəcək.
Deputat, bununla belə, hökumətin hesabatı ilə bağlı yazılı şəkildə Milli Məclisə fikir və təkliflərini təqdim edib.
Ə.Məsimli hesab edir ki, Azərbaycanda 2019-cu ildə əvvəlki bir neçə illə müqayisədə, daha çox iş görülüb və daha yaxşı nəticələr əldə olunub.
2020-ci ilin sosial-iqtisadi göstəricilərinin keçən ilin göstəricilərindən yaxşı olacağı proqnozlaşdırılmışdı. Amma dünyada koronavirus artıq tibbi-bioloji problem çərçivəsindən çıxaraq, bəşəriyyəti təhdid edir. Çox ciddi iqtisadi, sosial, psixoloji və sair problemlər yaradıb. Qlobal iqtisadiyyatın xeyli sahələri dayanıb, məhdud işləyir, bir hissəsi isə bir növ “donub”.
Tələb və təklif eyni vaxtda daralır, işsizlik artır, səhm və əmtəə bazarları, xüsusən də neft qiymətləri çöküb.
Ə.Məsimli qeyd edir ki, Azərbaycanda pandemiya bir sıra ölkələrdə olduğu kimi, “qırmızı xətti” keçməsə də, xeyli iqtisadi, sosial və sair xarakterli problemlər yaradıb:
“Pandemiyanın yaratdığı böhranlı vəziyyətdən az itki ilə çıxmaq və ölkəmizi postkoronavirus dövrünə yaxşı hazırlamaq məqsədilə xüsusi karantin qaydaları tətbiq olunur. Eyni zamanda, geniş iqtisadi və sosial proqram həyata keçirilir”, – deyə Ə.Məsimli əlavə edib.
Millət vəkili, bununla yanaşı, tədbirlər proqramında nəzərə alınması zəruri olan amillərin də olduğunu diqqətə çatdırıb.
Deputat bəzi məsələlərin həllinin sürətləndirilməsini zəruri hesab edir.
“Rəsmi proqnozlara görə, 2020-ci ildə 4,6 faiz inflyasiya gözləntisi nəzərdə tutulub. Bu ilin iki ayında inflyasiyanın 2,8 faiz olması göstərir ki, bu sahədə proseslər proqnozda göstərildiyindən də yaxşı meyl götürüb. Amma koronavirus və onun ətrafında gedən proseslər qiymətlərin də artmasına təsir edir.
Birinci olaraq, süni qiymət artımına qarşı mübarizə gücləndirilməlidir. İkincisi, əhalinin qiymət artımından itkilərinin müəyyən hissəssini qarşılamaqdan ötrü minimum əməkhaqqının 250 manatdan 300 manata çatdırılması, Vahid Tarif Cədvəli əsasında əməyin ödənilməsinin bütün 19 dərəcəsi üzrə, amma daha çox aşağı maaş alan işçilərin əməkhaqlarının artmasına müsbət təsir edər.
Eyni zamanda, minimum pensiyaların da 200 manatdan 250 manata qaldırılması hazırkı durumda vəziyyəti pisləşən, aşağı pensiya alan yaşlı insanların durumuna bir qədər təsir etmiş olar”.
Nazirlər Kabinetinin hesabatında göstərilib ki, 2019-cu ildə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 81,3 min nəfər təşkil edib. İşsizlərə 276 manat işsizlikdən sığorta haqqı ödənilib. Statistik məlumata əsasən, işsizlik və işsizlərə verilən sığorta haqqı sarıdan vəziyyət qənaətbəxşdir.
“Statistikadan belə çıxır ki, işsizlərin işə düzəldilməsi sahəsində də işlər çox yaxşı səviyyədədir. Amma koronavirusun aşkarladığı reallıqlar bunun əksini deyir. İşsizlərin dəqiq uçotu yoxdur. İşsizlərin çox cüzi bir hissəsi – əksər rayonlarda 4-5 nəfər işsizlikdən sığorta ödənişi alır, yeni əlavələr bu rəqəmləri bir qədər artıracaq.
Belə ki, sosial paketdə işsizlikdən sığorta ödənişi alacaq şəxslərin sayının 20 min nəfərə çatdırılması nəzərdə tutulur. Bu, irəliyə doğru çox ciddi addımdır, amma yenə də işsizlərin az bir hissəsini əhatə edəcək”, – deyə deputat bildirib.
Hökumət proqramında göstərilib ki, sahibkarlara bundan sonra alacaqları kreditlərə görə güzəştlər olunacaq. Amma indiki vəziyyətdə aldıqları kreditləri ödəyə bilməyən sahibkarlara və əhali kateqoriyasına güzəştlər ətrafında hələ danışıqlar gedir.
Deputat deyir ki, sahibkarlara proqramda nəzərdə tutulmasından başqa, həm də mövcud kreditlərin ödənilmə müddətində güzəştlərin də əlavə edilməsi yaxşı olardı:
“O cümlədən, əhalinin kredit borcları və faizlərin ödənilməsində bir neçə aylıq güzəştlərin edilməsini, kredit ödəmələrinin gecikdirilməsinə görə tətbiq edilən sanksiyaların dayandırılmasını, bunun əvəzində isə dövlətin və Mərkəzi Bankın kommersiya banklarına müvafiq dəstəyi verməsini zəruri hesab edirik.
Koronavirusla mübarizə məqsədilə beynəlxalq praktikada tətbiq edilən məhdudiyyətlərin bizdə də tətbiqi təbii şəkildə bir sıra yeni iqtisadi və sosial məsələləri gündəmə gətirib. Həmin məsələlərin bir hissəsi hökumətin hazırladığı sosial paketdə öz əksini tapıb”.
Parlamentarinin fikrincə, Azərbaycanda ötən ildən başlanan və 4,2 milyon əhalini əhatə edən sosial islahatların davamının çox önəmli və pik nöqtəsi kimi optimal model əsasında aşağı gəlirli ailələr üçün “uşaq pulu” məsələsinin yaxın zamanlarda bərpası zəruridir.
“Uşaq pulu” proqramı işə düşənə qədər isə hökumətin valideynləri işləməyən ailələrdəki uşaqlara üç aylıq müavinət verməsini zəruri hesab edirik”.