Direktor barəsində verilən şikayət təmin edilmədi
Bakıdakı 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasova barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəzlənməsinə dair apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Rakus.az xəbər verir ki, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, Elina Hacıyevanın valideynlərinin verdiyi şikayət təmin edilməyib.
Bildirilib ki, şikayətin təmin olunmamasına səbəb müddətin keçməsidir. Zərərçəkən tərəf müddətin bərpası üçün yenidən şikayət verə bilər.
Xatırladaq ki, bu ilin aprelində Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə Bakı şəhər prokurorluğunda cinayət işi başlanıb. Həmin vaxt məktəbin direktoru olmuş Sevinc Abbasova Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Bu yaxınlarda qətimkan tədbirinin vaxtı uzadılıb. Zərərçəkmiş tərəf ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsi ilə bağlı apelyasiya şikayəti verib. (apa.az)