Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Səhiyyə Nazirliyinin dəstəyi ilə reallaşan REACT-C19 layihəsi çərçivəsində Türkiyədən Azərbaycana gələn 4 həkim briqadası Bakıda işlərini tamamlayaraq bölgələrə yola düşüb.
Rakus.az xəbər verir ki, ÜST-nin Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, onlar mayın 4-dən etibarən Gəncə, Goranboy, Ağdaş və Şəmkir olmaqla Azərbaycanın qərb bölgəsindəki 4 xəstəxanada işə başlayıblar.
Həkimlər Ümumdünya Səhiyyə Təşkilatının Xəstəxana Hazırlıq Təlimatından istifadə edərək xəstəxanalarda mövcud vəziyyəti dəyərləndiməyə və aşkar olunan problemlərin aradan qaldırılmasına dəstək olmağa, xəstəxanaların hazırlıq səviyyəsini artırmaq üçün orada çalışan həkimlərlə birgə fəaliyyət planı üzərində işləməyə başlayıblar.
Bununla yanaşı, həkimlər və orta tibb işçiləri üçün müxtəlif mövzularda təlimlərə start veriblər. Onlar bu 4 rayonda 2 həftə müddətində fəaliyyət göstərəcəklər, daha sonra Bakıya qayıdaraq növbəti iki həftəlik tur üçün hazırlıqlara başlayacaqlar.