Dövlət büdcəsi layihəsi Nazirlər Kabinetinə təqdim olundu
Sentyabrın 9-da Maliyyə Nazirliyində Azərbaycan Respublikasının 2020-ci il və ortamüddətli dövrdə icmal və dövlət büdcəsinin makro-fiskal çərçivəsi, 2020-ci ilin icmal və dövlət büdcəsi layihələrinin tərtibi və qarşıda duran digər vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
Rakus.az xəbər verir ki, nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, iclası giriş sözü ilə açan Maliyyə naziri, kollegiyanın sədri Samir Şərifov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahat tədbirlərinin cari ilin ötən dövründə makroiqtisadi dayanıqlığın təmin olunması ilə yanaşı, əhalinin rifah səviyyəsinin yüksəldilməsinə, qeyri-neft sektorunun inkişafına, valyuta ehtiyatlarının artımına xidmət etdiyini deyib. Bildirib ki, xüsusilə cari ilin aprel və sentyabr aylarında iki mərhələdə həyata keçirilən geniş sosial dəstək proqramı ilə minimum pensiya, minimum əməkhaqqı, sosial müavinətlər və təqaüdlər, dövlət orqanlarında və bir sıra təşkilatlarda çalışanların əməkhaqlarının əhəmiyyətli artımı, habelə şəhid vərəsələrinə birdəfəlik ödəmənin verilməsi vurğulanmalıdır. Bununla yanaşı, fiziki şəxslərin vaxtı ötmüş problemli kreditlərinin qaytarılmasına, ələlxüsus manatın dəyər itirməsi ilə əlaqədar xarici valyutada kreditləri olan vətəndaşlara dövlət dəstəyinin göstərilməsi ilə bağlı inqilabi qərarlar qəbul olunub.
“Beləliklə də dövlət başçısı növbəti dəfə əhalinin rifahının yüksəlməsi, etibarlı sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin təmin olunması istiqamətində mühüm addımlar atıb. Kifayət qədər geniş maliyyə tələb edən bu sosial dəstək proqramının maliyyə təminatı dövlət büdcəsinin ehtiyatları səfərbər edilərək, həmçinin bəzi xərclər optimallaşdırılaraq təmin olunub”, – deyə nazir qeyd edib.
S.Şərifov büdcə qaydasına əsasən hazırlanan gələn ilin dövlət büdcəsinin tərtibinin xüsusiyyətləri üzərində dayanaraq qeyd edib: “2020-ci ilin icmal və dövlət büdcələrinin layihələri Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi və sosial inkişaf prioritetləri, büdcə sistemi haqqında qanunvericiliyinin tələbləri, qlobal iqtisadiyyatda gedən proseslər, onların ölkə iqtisadiyyatına mümkün təsirləri, o cümlədən İqtisadiyyat Nazirliyinin ortamüddətli dövrdə iqtisadi və sosial inkişafa dair proqnozları, habelə dövlət maliyyə sisteminin orta və uzunmüddətli dövrdə qarşısında duran çağırışlar nəzərə alınmaqla hazırlanıb. Məlum olduğu kimi, 2019-cu ilin dövlət və icmal büdcəsinin hazırlanması zamanı əvvəlki dövrlərdən daha fərqli yanaşma tətbiq edildi. Bu zaman yeni qəbul edilmiş büdcə qaydalarının tələblərinə əsasən makro-fiskal çərçivə, o cümlədən ortamüddətli dövrə icmal büdcə xərclərinin yuxarı hədləri müəyyən olundu. Bu yanaşma 2020-ci ilin dövlət və icmal büdcələrinin layihələri hazırlanarkən də davam etdirilib”.
“2020-ci ilin icmal və dövlət büdcəsinin əsas parametrləri Maliyyə Sabitliyi Şurasında da baxılaraq razılaşdırıldıqdan sonra büdcənin tərtibi üçün istifadə olunub. İlk növbədə, 2020-ci il və sonrakı üç ilin icmal və dövlət büdcələrinin büdcə qaydasına əsasən hazırlanması, dövlət büdcəsinin gəlir və xərclərinin hesablanması zamanı neftin bir barelinin orta illik qiyməti və bu qiymətin ortamüddətli dövrə şamil edilməsi, ortamüddətli dövrdə icmal büdcənin xərclərinin yuxarı həddinin təsdiq olunması və qeyri-neft baza kəsirinin ardıcıl sürətdə azaldılması ilə bağlı qərarlar qəbul olunub”, – deyə nazir bildirib.
Kollegiya iclasında çıxış edən nazirliyin Büdcə şöbəsinin müdiri Fazil Fərəcov və Büdcə siyasəti və makroiqtisadi təhlil şöbəsinin müdiri Əmin Muradov 2020-ci il dövlət büdcəsinin və icmal büdcənin layihəsi, əsas gəlir və xərc istiqamətləri, habelə növbəti il və ortamüddətli dövrə icmal və dövlət büdcəsinin makro-fiskal çərçivəsi ilə bağlı məlumat veriblər.
Sonda Maliyyə Nazirliyinin kollegiyası Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələrini bəyənərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmasına dair qərar qəbul edib.