Dövlət qulluğu üzrə 300-dək namizəd qeydiyyatdan keçdi
Dövlət qulluğunun A (inzibati rəhbər) və B (inzibati icraçı) növü üzrə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən elan olunmuş test imtahanında iştirak üçün qeydiyyat davam edir.
Rakus.az xəbər verir ki, DİM-dən bildirilib ki, bu gün saat 11:00-a olan məlumata görə, inzibati rəhbər vəzifələr üzrə yanvarın 25-də keçiriləcək test imtahanında iştirak etmək üçün 67 nəfər (AA – 2, AB – 20, AC – 45) qeydiyyatdan keçib. Qeydiyyat bu gün saat 13:00-da yekunlaşacaq.
İnzibati icraçı vəzifələr üzrə test imtahanında iştirak üçün isə 221 nəfər (BA – 55, BB – 166) ərizəsini təsdiqləyib. Qeydiyyat fevralın 6-da başa çatacaq.
İmtahan iştirakçıların sayından asılı olaraq kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. İmtahan kompüter vasitəsilə aparılacağı təqdirdə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək. Kağız daşıyıcılar vasitəsilə aparılacağı təqdirdə isə imtahan yeri və vaxtı namizədin buraxılış vərəqəsində göstəriləcək.