“Ehtiyatı əldən vermək olmaz” – ÜST rəsmisi
“Mərhələli şəkildə karantin rejimindən çıxmaq üçün işlər görülür. Ancaq yenə də ehtiyatı əldən vermək olmaz. Çünki koronavirus yenidən alovlana bilər”.
Rakus.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı keçirdiyi onlayn brifinqdə çıxışı zamanı deyib.
O bildirib ki, bütün xəstəxanalarda virusa yoluxan şəxslərin sayı ciddi şəkildə azalma müşahidə olunur: “Havaların isti keçməsi və açıq havada gəzmək bu virusun yox olmasına zəmin yarada bilər. Gələcəkdə də hər hansı pandemiya ola bilər və buna hazırlıqlı olmaq lazımdır. İnsanlar arasında ən azı 1 metrlik məsafənin qorunması və otağın havasının tez-tez dəyişməsi mütləqdir. Xəstə olan zaman işə gedilməməlidir”.
H.Harmancı bildirib ki, Ramazan ayında insanlar bir-birini ziyarət etməyə üstünlük verirlər: “Texnologiya dövründə yaşadığımızdan bunu telefon vasitəsilə etməyimiz məqsədəuyğundur”.
Onun sözlərinə görə, Türkiyədən Azərbaycana gələn həkimlər birinci mərhələ üçün Bakıda işlərini yekunlaşdırıblar və onlar tezliklə bölgələrə yola düşəcəklər.