Ekspert 2 deputatı savadsız adlandırıb, debata çağırdı
Bakı Dövlət Universiteti ilə bağlı tənqidi yazılarıma həmin Universitetin iki professoru, həm də millət vəkilləri cavab verməyə çalışıblar. Kamilə Əliyeva və Jalə Əliyeva. Trollardan sonra deyəsən gender bərabərliyini qorumağa çalışıblar. Mənim bu iki xanıma bir ədəd sualım var. 19 il bir yerdə işlədiyiniz akademik Abel Məhərrəmovu niyə müdafiə etmədiniz? Axı o, sizlərə çox yaxşı olmuşdu. Dərslərinizi başqası deyəndə göz yummuşdu, işə gəlməyəndə sizi yola vermişdi.
Rakus.az xəbər verir ki, bunu Təhsil nazirliyinin yanında İctimai Şuranın üzvü, təhsil eksperti Etibar Əliyev bildirib.
Qeyd edib ki, bu xanımlara bir ədəd də təklifim var: Hər ikinizi istənilən televiziyada və istənilən qəzetdə debata çağırıram. Sizlərə Universitet dərsi keçmək istəyirəm. Bir debatda Sizin savadsızlığınızı sübut etməyə hazıram. İstəyirsiniz cüt gəlin, istəyirsiniz tək. Gender bərabərliyi xatirinə rektorunuzu da gətirə bilərsiniz. İndi təzə rektoru ona görə müdafiə edirsiniz ki, auditoriyada sizin vaxtaşırı buraxdığınız o faydasız dərslərə göz yumsun.
Sonda isə təklifinə cavab gözlədiyini bildirib: “Sizdən sualıma və təklifimə cavab gözləyirəm. Vəssalam…”