Əli Əsədov Mixail Mişustinə təbrik məktubu göndərdi
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustinə təbrik məktubu göndərib.
Rakus.az xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli Mixail Vladimiroviç, Rusiya Federasiyası Hökumətinin Sədri vəzifəsinə təyin olunmağınız münasibətilə səmimi təbriklərimi qəbul edin. Möhkəm dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Azərbaycan–Rusiya münasibətlərinin yüksək səviyyəsi xüsusi məmnunluq doğurur. Əminəm ki, biz birgə səylərimizlə ölkələrimiz arasında strateji tərəfdaşlığın möhkəmlənməsini, qarşılıqlı faydalı ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişlənməsini təmin edəcəyik. Azərbaycan ölkələrimizin dost xalqları naminə bütün sahələrdə Rusiya ilə konstruktiv dialoqun davam edəcəyinə ümid bəsləyir”.
Baş Nazir Əli Əsədov Mixail Mişustinə möhkəm cansağlığı, rifah və məsul fəaliyyətində uğurlar arzulayıb.