Əliyev ilk dəfə detalları açıqladı, Paşinyan çətin vəziyyətə düşdü - VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
Rakus.az xəbər verir ki, “Bu NATO kontingentinin Azərbaycanla sərhəddə yerləşdirilməsi deməkdir” adlı süjetdə Azərbaycan və Ermənistan arasında müzakirə edilən sülh sazişi sənədindən bəhs olunur.
Bildirilir ki, Ermənistan tərəfi zaman-zaman ziddiyyətli açıqlamalar verərək 17 maddədən ibarət olan sənədin 14 maddəsinin razılaşdırıldığı, 3 maddə üzərində iş aparıldığını demişdi: “Nəhayət,
Prezident İlham Əliyev Rusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibədə bəyan etdi ki, 17 maddənin 15-i razılaşdırılıb, 2 maddə yox. Bu iki maddədən biri tərəflərin bir-birinə qarşı beynəlxalq iddialardan imtina etməsi, digəri isə üçüncü ölkələrin qüvvələrinin sərhəddə yerləşdirilməməsidir”.
Qeyd olunur ki, Bakı-İrəvan danışıqlarında sülh sazişi fonunda müzakirə edilən başqa məsələlər də var. Bunlardan biri Ermənistanın silahlandırılmasına son qoyulmasıdır. Başqa formatın hissələrindən biri də azərbaycanlıların Qərbi Azərbaycana qayıdışının təmin edilməsidir. Rəsmi Bakı indiyə qədər bu məsələni İrəvanla danışıqlar motivindən kənarda saxlamayıb. Rəsmi Bakı Qərbi Azərbaycanla bağlı fərqli gediş edir, azərbaycanlıların qayıdışını daim müzakirə masasında saxlamaqla yanaşı, Qərbi Azərbaycan İcmasını danışıqların tərəfinə çevirir.
Süjetdə diqqətə çatdırılır ki, diktə edən tərəfin rəsmi Bakı olması Ermənistanda ciddi müzakirələrə yol açıb: “Belə ki, “Ədalətli Ermənistan” Partiyasının sədri, hüquqşünas Norayr Norikyan, erməni şərhçi Davit Ananya deyiblər ki, Ermənistan hakimiyyəti Bakının Qərbi Azərbaycan tələbi barədə konkret, açıq mövqe sərgiləmir. İlham Əliyev hüçumcu rolunda çıxış edir. Ermənistan burada oyunçu deyil, oyundan kənardadır və onun taleyi ilə bağlı qərarları Əliyev verir. İlham Əliyev nə etməli olduğunu çox yaşı bilir və dövlətinin strateji maraqlarını sistemli şəkildə irəliyə aparır. Paşinyan seçkilərdə qalib gəlmək və hakimiyyətdə qalmaq üçün hər şeyi edəcək. Bunlardan biri də azərbaycanlıların qayıdışı və Ermənistanda yaşamasıdır. Ermənistana qayıdacaq 300 min azərbaycanlı seçkilərdə Paşinyanın elektoratı ola bilər”.
Sonda vurğulanır ki, öz yurdundan qovulan azərbaycanlıların böyük qayıdışı baş tutacaq: “Onlar Zəngəzura, Göyçəyə, Dərəlyəzə və yolumuzu gözləyən o torpaqlara həyatı yenidən qaytaracaq. Bu, qaçılmaz reallıqdır”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında dekabrın 26-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.