Elmar Məmmədyarov qırğız həmkarı ilə görüşdü - FOTO
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən növbədənkənar iclası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Qırğız Respublikasının Xarici İşlər naziri Çingiz Aydarbekov ilə görüşüb.
Rakus.az xəbər verir ki, XİN-dən verilən məlumata görə, nazirlər ikitərəfli əməkdaşlığa dair müxtəlif məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.
Ç. Aydarbekov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini məmnuniyyətlə qeyd edərək görüşün məhsuldar keçdiyini diqqətə çatdırıb.
Tərəflər Azərbaycan və Qırğızıstan arasında mövcud olan əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirməklə bərabər, ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyətini ifadə ediblər.
Nazirlər eyni zamanda, Türk Şurası çərçivəsində əməkdaşlıq məsələlərinə toxunaraq iştirakçı ölkələr arasında iqtisadi, ticarət və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsinin önəmini qeyd ediblər. Bu xüsusda, Qırğızıstanın dəmir yolları layihələrini inkişaf etdirməklə, regional nəqliyyat dəhlizlərində daha fəal iştirak etməsi perspektivləri üzrə müzakirələr aparılıb.
Görüş zamanı beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.