Ənənəvi dinlərə qarşı əsl müharibə gedir – Patriarx Kirill
“Son on illiklər dünyanın müxtəlif nöqtələrində çox saylı münaqişələr, terrorçuluğun görünməmiş vüsət alması ilə yadda qaldı”.
Rakus.az xəbər verir ki, bunu Dünya liderlərinin II Bakı Sammitinin açılış mərasimində Moskva və bütün Rusiyanın patriarxı Kirill deyib.
O bildirib ki, terrorçular günahsız, adi insanların qanını axıdırlar: “Şri-Lanka, Yeni Zelandiya, Suriya, İraq, Əfqanıstan, Almaniya, Fransa – bu son iki ildə dünyanı sarsıtmış terror aktlarının törədildiyi ölkələrin kiçik siyahısıdır. Etiraf etməliyik ki, ənənəvi dinlərə qarşı əsl müharibə gedir. Şəhər və kəndlərdə, informasiya məkanında, ən vacibi insanların şüurunda və qəlbində gedən bu müharibənin ön cəbhəsində gənc nəslin nümayəndələri vuruşur. Ekstremist hərəkatların ideoloqları gənclərdə həyat təcrübəsinin olmamasından istifadə edirlər. Bu, dini liderlər üçün yeni bir şey deyil. Biz dini liderlər nəinki ekstremizmi rədd etməli və pisləməliyik, o cümlədən müqəddəs yazıya əsaslanan ailə, nikah, böyüklərə hörmət, insanın dini seçiminə hörmət, məzlumlara və kasıblara dəstək kimi şəksiz dəyərləri cəmiyyət daxilində yaymalıyıq”.
Moskva və bütün Rusiyanın patriarxı Kirill qeyd edib ki, Bakı qlobal səviyyəli dinlərarası dialoq üçün mühüm məkana çevrilib.