Ərdoğan: “Xarıbülbül Azərbaycan ərazilərinin azadlığının simvoluna çevrilib”
“Cənab Prezident, əziz qardaşım, Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman mənsubları, azərbaycanlı can qardaşlarım, sizi ürəkdən salamlayıram”.
Rakus.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradında çıxışı zamanı deyib.
“Bu Zəfər Gününüzdə sizinlə bir yerdə olmaqdan xoşbəxtlik duyuruq. Qardaşım cənab İlham Əliyevə dəvəti və qonaqpərvərliyinə görə təşəkkür edirəm. Azərbaycanın 44 gün çəkən mübarizəsində şəhid olan igidlərə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm”, – bildirib.
“Qarabağı 30 illik həsrətdən sonra ana Vətənə qovuşduran Azərbaycan Ordusunun mənsublarını təbrik edir, onları dualarla cəbhəyə göndərən anaların əllərindən öpürəm. 20 Yanvarda şəhidlərin qəbirlərinə qoyulan qərənfillər necə müstəqilliyi xatırladırsa, indi də Dağlıq Qarabağ bölgəsinə xas xarıbülbül Azərbaycan ərazilərinin azadlığının simvoluna çevrilib.
Azərbaycanın həm hərbi, həm diplomatik sahədə əldə etdiyi bu uğurda ən böyük pay sahiblərindən biri, şübhəsiz ki, qardaşlarımdan biri cənab Preizdent İlham Əliyevə aiddir”, – o bildirib.