Ərdoğanın Azərbaycana səfəri strateji əməkdaşlığın inkişafı üçün yeni imkanlar açır
“Türkiyə Respublikasında keçirilmiş prezident seçkilərində qalib gəldikdən sonra iyunun 13-də Rəcəb Tayyib Ərdoğanın ilk olaraq Azərbaycana səfəri Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyəsinin ifadəsidir. Bu münasibətlər strateji əməkdaşlığın daha vüsətlə inkişafı üçün yeni yeni imkanlar açır”.
Rakus.az xəbər verir ki, bu barədə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli bildirib.
Ulu öndər Heydər Əliyevin müəllifi olduğu “İki dövlət, bir millət” şüarı altında bərqərar olan Azərbaycan Türkiyə qarşılıqlı əlaqələri 2015-ci ilin 15 iyununda imzalanmış Şuşa Bəyannaməsi ilə ölkələrimiz arasında rəsmi müttəfiqlik statusu aldı. Səfərin yekunlarına dair keçirilən mətbuat konfransında Prezident İlham Əliyev bu anlaşmanın siyasi və tarixi əhəmiyyətini yüksək qiymətləndirmişdir: “Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Bəyannamənin Şuşada imzalanması rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur”.
Azərbaycan_Türkiyə əlaqələri Əliyev-Ərdoğan münasibətlərinin inikasıdır. Belə ki, bu ölkələrin liderləri imkan düşdükcə bütün səviyyələrdə, bütün vəziyyətlərdə bir-birinin yanında olduqlarını, sevinc və kədərinin eyni dərəcədə bölüşdüklərini bəyan edirlər. Rəcəb Tayyib Ərdoğanın inauqurasiya mərasimində Azərbaycan Prezidenti cənab İlham Əliyevə və ölkəmizin birinci xanımı Mehriban Əliyevaya qarşı xüsusi münasibət sərgiləməsi hər kəsin, o cümlədən dünya mediasının diqqətini cəlb etdi. Bu qardaşlıq münasibətləri üzvi surətdə bütün sahələrə sirayət edir və bütün istiqamətlərdə, o cümlədən beynəlxalq müstəvidə öz əksini tapır. Azərbaycan Prezidenti əməkdaşlığımızın bütün sahələrdə konkret proqramlar əsasında inkişaf etdiyini vurğulamışdır: “…Ticarət dövriyyəsi sürətlə artır və artıq 6 milyard dollara yaxınlaşıbdır və gələcəkdə daha da artacaq… Bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir… Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər…”
44 günlük Vətən müharibəsinin gedişi və nəticələri bir daha sübut etdi ki, çağdaş dünyada baş verən geosiyasi proseslər fonunda güc amili əsas təsir vasitəsinə çevrilməkdədir. Çıxışında bu məsələyə xüsusi yer ayıran cənab İlham Əliyevin beynəlxalq hüquq və normalarına etinasız münasibət mövcudluğunu dilə gətirmişdir: “Beynəlxalq hüquq çalışmır. Biz bunu 30 illik işğal dönəmində görmüşdük və aparılan müzakirələr, danışıqlar heç bir nəticəyə gətirib çıxarmadı, nəticəyə gətirib çıxaran bizim gücümüz oldu. Ona görə də müdafiə və müdafiə sənayesi sahələrində gələcək əməkdaşlıq planları genişdir və prioritet xarakter daşıyır”. Təkcə bu il 16 birgə hərbi təlimin keçirilməsi, üstəlik bu istiqamətdə 6 yeni layihənin də planlaşdırılması Azərbaycan Ordusunun bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcəyi ilə bağlı siyasi qərarın ciddiliyinə işarədir.
Postmünaqişə dövründə Cənubi Qafqazda və bütövlükdə Avrasiya məkanında yaranmış yeni reallıqlar şəraitində Orta Dəhlizin önəmi daha da artır. Türkiyə ərazisindən Avropa ölkələrinə Azərbaycanın təbii qazın və bərpaolunan enerji növlərinin ixracının artırılması üçün böyük potensial formalaşmaqdadır. Xəzər dənizi ilə Azərbaycan ərazisindən daşınan yüklərin həcmi və bununla paralel olaraq nəqliyyat və logistika imkanları ildən-ilə genişlənir. Yaxın illərdə Bakı Dəniz Limanının tranzit imkanları 25 milyon tona çatacaq. Bu kontekstdə Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılmasının qaçılmaz olduğunu və bu istiqamətdə birgə səylərin gücləndiriləcəyini bəyan etmişdir: “Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək”.
Prezident Rəcəb Tayyib Ərdoğan cənab İlham Əliyevin mövqeyini bölüşərək, Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəlmiş əlaqələrin bütün sahələrdə inkişaf etdirməkdə, Şuşa şəhərində Türkiyə Respublikasının baş konsulluğunun açılmasında qərarlı olduğunu bəyan etmişdir. Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması ilə bağlı danışıqlar yekunlaşmaq üzrədir. Bu niyyətlərin reallaşması rəsmi Bakı ilə Ankara arasındakı münasibətlərə yeni töhfə olacaq.