Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO
Azərbaycan televiziya məkanında özünəməxsus yeri olan Baku TV 8 yaşını qeyd edir.
Rakus.az xəbər verir ki, 2018-ci il fevralın 18-də fəaliyyətə başlayan televiziya kanalı ötən 8 il ərzində dinamik inkişaf yolu keçib, bu müddətdə operativ xəbərçilik, obyektiv yanaşma və məsuliyyətli jurnalistika prinsiplərini əsas götürən kanal ölkənin aparıcı media platformalarında özünəməxsus yerini tutub. Hər zaman Azərbaycan vətəndaşlarının marağını nəzərə alan Baku TV ölkədə və dünyada baş verən siyasi, sosial və iqtisadi hadisələri operativ, obyektiv və peşəkar şəkildə öz izləyicilərinə çatdırır.
Global Media Group-un üzvü olan Baku TV rəngarəng, zəngin, maraqlı, operativ və dəqiq məlumatlar çatdırmaqla tamaşaçı sevgisi və etimadını qazanıb. Bu gün kanal canlı yayımlar, xəbər süjetləri, müsahibələr, araşdırmalar, eləcə də analitik təhlillər və müəllif proqramları ilə ölkənin ən çox izlənilən kanalları siyahısındadır. Həm yerli, həm də beynəlxalq miqyasda izləyicilərinə faktlara əsaslanan, şəffaf və balanslı xəbərlər təqdim edən Baku TV-ni bütün yerli provayderlər, eləcə də “Azərspace” peyki vasitəsilə Avropa və Asiyada izləmək mümkündür. Kanal ölkədə və dünyada baş verən önəmli, aktual və maraqlı xəbərləri Azərbaycan, rus, ingilis, fransız və erməni dillərində cəmiyyətə çatdırır. Televiziya kanalının Azərbaycanın bütün regionları ilə yanaş, ABŞ, Rusiya, Türkiyə, Gürcüstan və Ukraynada xüsusi müxbir məntəqələri fəaliyyət göstərir. Kanal beynəlxalq media əməkdaşlıqlarının genişləndirilməsinə xüsusi önəm verir. Müxtəlif ölkələrin aparıcı media qurumları ilə qurulan tərəfdaşlıqlar informasiya mübadiləsinin genişlənməsinə və ortaq layihələrin həyata keçirilməsinə imkan yaradır.
Bildirək ki, qısa müddətdə peşəkar komanda işi ilə geniş izləyici auditoriyası qazanan Baku TV rekord göstəriciləri və əldə etdiyi uğurlarla da möhtəşəm nəticələrə imza atıb. Belə ki, kanal 2024-cü ilin 12 ayı ərzində “YouTube” platforması üzrə 10 Azərbaycan telekanalını geridə qoyaraq baxış sayı reytinqində birinciliyini qoruyub. Hazırda Baku TV-nin Azərbaycan və rusdilli “YouTube” səhifələrinin 1 milyondan çox abunəçisi var və bu rəqəm günü-gündən artmaqdadır. Bundan əlavə, kanalın digər sosial media platformalarında – “Telegram”, “Instagram” və “Facebook” səhifələrində də geniş sayda izləyicisi var. Rəqəmsal platformalar üzrə göstəricilər, o cümlədən YouTube kanalında ümumi baxış sayının 1 milyardı ötərək abunəçi sayının 2 milyon 500 000-dən artıq olması Baku TV-nin geniş auditoriya əhatəsi və sabit inkişaf dinamikası ilə xarakterizə olunur. Baku TV rəqəmsal platformalarla yanaşı, kabel və peyk yayımı vasitəsilə də geniş auditoriya üçün əlçatandır. Kanal müxtəlif kabel şəbəkələri və peyk platformaları üzərindən yayımlanaraq Avropa və Asiya ərazisində fasiləsiz informasiya axınını təmin edir. Baku TV beynəlxalq müsabiqələrdə qalib olmaqla öz uğurunu davam etdirib. Belə ki, 2024-cü ildə kanalın istehsal etdiyi “Söz” qısametrajlı sənədli filmi Los-Ancelesdə keçirilən “Accolade Global Film Competition”nin qalibi olub. 2023-cü ilin 18-22 dekabr tarixində Baku TV 3 ISO beynəlxalq sertifikatını alıb. Kanal 2021-ci ildə NETTY tərəfindən “İlin internet və “YouTube” xəbər kanalı” adına layiq görülüb. Baku TV fəaliyyətini həm də beynəlxalq idarəetmə standartlarına uyğun şəkildə qurur və ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi, ISO 14001:2015 Ətraf Mühitin İdarə Edilməsi Sistemi və ISO 45001:2018 Sağlamlıq və Əməyin Təhlükəsizliyinin İdarə Edilməsi Sistemləri üzrə tələblərə uyğun olaraq idarə olunur.
Diqqətə çatdırmaq yerinə düşər ki, 8 il ərzində Baku TV informasiya məkanında etibarlı və dinamik xəbər mənbəyi kimi mövqeyini formalaşdırıb. Kanal gündəlik xəbər axını ilə yanaşı, analitik proqramlar, xüsusi reportajlar və sənədli layihələrlə ictimai əhəmiyyətli mövzuların peşəkar şəkildə işıqlandırılmasını təmin edir. Bunlardan biri də “Qərbi Azərbaycan Xronikası” layihəsidir ki, Ermənistanın müasir ərazisindəki qədim türk-oğuz məskənlərini, toponimləri, mədəni irsi və azərbaycanlıların deportasiyası tarixini işıqlandıran, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını hədəfləyən bir jurnalist və tədqiqat təşəbbüsüdür. Bu layihə çərçivəsində, Baku TV-də hazırlanan analitik süjetlər, tarixi faktlar, dəyişdirilmiş toponimlər və qayıdış konsepsiyasını əks etdirir. Məqsəd Qərbi Azərbaycanın tarixi Azərbaycan torpağı olduğunu, ermənilər tərəfindən toponimlərin dəyişdirildiyini (addəyişmə terroru) və mədəni irsin məhv edildiyini sübut etməkdir. Qərbi Azərbaycan Xronikası, həmçinin Ermənistandakı tarixi addəyişmə siyasətini ifşa edərək, bu ərazilərin əsl sahiblərinin türklər olduğunu tarixi faktlarla nümayiş etdirir.
Onu da qeyd edək ki, Baku TV öz peşəkar komandası ilə 44 günlük Vətən müharibəsi dövründə operativliyi, qaynar nöqtələrdən reportajları və hər saatbaşı canlı yayımları ilə izləyicilərinə dəqiq və dolğun məlumat çatdırıb. Kanal İkinci Qarabağ müharibəsi zamanı informasiya savaşının ilk sıralarında yer alıb və ermənilər və havadarlarının dezinformasiyalar yaydığını öz efirindən bütün dünyaya sübut edib.Baku TV COP29 – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə bağlı iki həftə ərzində müxtəlif dillərdə xüsusi reportajlar hazırlayıb, xarici nümayəndə heyətlərindən, dövlət və hökumət başçılarından müsahibələr alıb, süjetlər, canlı bağlantılar və s. yayımlayıb.yaradıcı istehsalat istiqamətində də mühüm nailiyyətlər əldə olunub. Baku TV-nin istehsalı olan sənədli layihələr beynəlxalq və yerli kino platformalarında mükafatlar alıb. Media sahəsində göstərilən xidmətlərə görə Baku TV-nin bir sıra əməkdaşları dövlət təltiflərinə layiq görülüb. Sosial məsuliyyət və dayanıqlı inkişaf Baku TV-nin fəaliyyət strategiyasında xüsusi yer tutur. Kanal müxtəlif sosial və ekoloji təşəbbüslərlə ictimai layihələrdə fəal iştirak edir.
Bir sözlə, 8 illik inkişaf yolu ərzində formalaşmış güclü komanda və beynəlxalq standartlara əsaslanan idarəetmə modeli Baku TV-nin fəaliyyət strategiyasının əsasını təşkil edir. Qlobal miqyasda etibarlı və nüfuzlu xəbər platformasına çevrilən Baku TV müasir dövrün çağırışlarına cavab verməklə, yeni texnologiyalardan və innovativ yanaşmalardan istifadə etməklə öz inkişaf yolunu davam etdirir. Kanal bundan sonra da tamaşaçılarını operativ və obyektiv məlumatlarla təmin etmək və maarifləndirmək missiyasını ardıcıl şəkildə yerinə yetirəcək.
Baku TV-nin bütün əməkdaşlarını təbrik edir, yeni-yeni uğurlar arzulayırıq.














