“Evdə qalın və kitab oxuyun” – Xalq yazıçısı
“Təəssüf hissi keçirirəm ki, dünya belə bir bəla ilə üzləşib. Heç kəs belə bir şeyin olacağını gözləmirdi. Dünya üçün çox ciddi təhlükədir. Ona görə də, belə bir hadisənin baş verməsinə görə çox təəssüflənirəm”.
Rakus.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayev deyib.
O, vətəndaşlara öz məsləhətlərini verib: “Məsləhətlər demək olar ki, hər gün səslənir. Hamı təklif edir ki, insanlar evdə qalsınlar, başqaları ilə az ünsiyyətdə olsunlar, kənar yerlərdə olmasınlar, çalışıb bütün işlərini evlərində görsünlər, evdə qalsınlar. Mən də bu çağırışlara qoşularaq, evdə oturmuşam, digərlərinə də bunu məsləhət görürəm”.
AYB sədri Azərbaycanda koronavirusun qarşısının alınması məqsədi ilə tətbiq olunan xüsusi karantin rejimində hansı işlərlə məşğul olduğundan danışıb. O, evdə yaradıcılıqla məşğul olduğunu, kitablarını tərtib etdiyini və yeni yazılar üzərində işlədiyini vurğulayıb.
A.Rzayev karantin dövründə insanlara çoxlu kitab oxumağı tövsiyə edib: “Özümün oxumaq istədiyim kitablar çoxdur, onları sadalamıram. İnsanlara tövsiyə edirəm ki, çoxlu kitab oxusunlar – o cümlədən də mənim kitablarımı”.