“EY İlin İş Adamı” proqramına start verildi
Dünyanın ən böyük audit-konsaltinq şirkətlərindən olan “Ernst&Young”ın (EY) Azərbaycanda ilk dəfə “EY İlin İş Adamı” qlobal müsabiqə-proqramını Azərbaycan Beynəlxalq Bankı və “BP-Azerbaijan” şirkətinin dəstəyi ilə keçirir.
Rakus.az xəbər verir ki, Bankdan verilən məlumata görə, “EY İlin İş Adamı” öz cəmiyyətində, ölkəsində, ümumən, dünyada həyat keyfiyyətlərini yüksəltməkdən ötrü çalışan, liderlik, uğur nümayiş etdirən şəxslərin və şirkətlərin sahibkarlıq nailiyyətlərini tanıyan qlobal proqramdır. Proqram 30 ildən çoxdur ki, təsis edilib və hazırda dünyanın 60-dan çox ölkəsində, 145 şəhərində hər il mütəmadi keçirilir.
Bu müsabiqədə cəmiyyətə və iqtisadiyyata müsbət təsir göstərən uğurlu sahibkarlar, onların ortaya qoyduqları nəticələr yarışır. İştirak meyarlarına cavab verən hər bir sahibkar müsabiqəyə qatıla bilər. Bütün iştirakçılar milli mərhələ çərçivəsində yarışacaq. Onların müraciətləri, biznes nailiyyətləri nüfuzlu beynəlxalq təşkilatları təmsil edən müstəqil münsiflər tərəfindən qiymətləndiriləcək. Final mərhələsinin qalibi olan sahibkar Monte-Karloda keçiriləcək nüfuzlu “EY Dünya üzrə İlin İş Adamı” yarışında iştirak hüququ qazanacaq.
Ərizələrin qəbulu 25 noyabr tarixindən 15 yanvar tarixinə qədərdir. İştirakçı sahibkarlarla müsahibələr və ərizələrin qiymətləndirilməsi gələn ilin 16 yanvarından 6 martına qədər həyata keçiriləcək. Martın 11-də mükafatlandırma mərasimi olacaq. 4-7 iyun 2020-ci il tarixində isə qalib sahibkar Monte-Karloda “EY Dünya üzrə İlin İş Adamı” müsabiqəsində iştirak edəcək.
“EY Azərbaycan” şirkətinin ölkə üzrə idarəedici partnyoru İlqar Vəliyev bunları deyib: “Proqram sahibkarlara öz nailiyyətlərini göstərməyə, komandanın töhfələrini açıq şəkildə nümayiş etdirməyə imkan verir. Ümid edirik ki, Azərbaycan sahibkarları bu müsabiqədə həvəslə iştirak edərək uğur qazanacaqlar”.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov isə bankın müştərisi olan sahibkarlar üçün bu proqramın gözəl bir inkişaf imkanı olduğunu qeyd edib: “EY İlin İş Adamı™ proqramı ölkəmizdə sahibkarlığın təşviqinə, müştərilərimiz olan iş adamlarının öz bizneslərini böyütmələrinə şərait yaradır. Sahibkarlarla fəal şəkildə çalışan bank olaraq bütün bunlar Azərbaycan Beynəlxalq Bankı üçün çox önəmlidir. Ona görə də ölkəmizdə ilk dəfə həyata keçirilən bu faydalı təşəbbüsə məmnuniyyətlə dəstək veririk”.