FIFA klublara kömək edəcək
“FIFA-nın dünya futbol təsərrüfatına kömək etmək üçün bəzi variantlar üzərində işlədiyini təsdiqləyirik. Futbol ictimaiyyəti koronavirus pandemiyasına görə maliyyə böhranı yaşayır. Bu isə federasiyalararası əlaqəni təhdid altına alır”.
Rakus.az xəbər verir ki, bu fikirləri FIFA prezidenti Canni İnfantino koronavirusun dünya futboluna təsiri barədə ANSA agentliyinə müsahibəsində deyib.
Klubların, dünyada futbolla məşğul olan bütün insanların çətin durumda olduğunu bildirən C.İnfantino əlavə edib ki, ali futbol qurumunun borcu onlara köməklik göstərməkdir: “FIFA-nın maliyyə vəziyyəti mürəkkəbdir. Buna baxmayaraq, milli assosiasiyalara, klublara kömək etmək üçün əlimizdən gələn etməyə borcluyuq. Pandemiyanın futbola maliyyə təsirini ətraflı qiymətləndirdikdən sonra futbol ictimaiyyətinə kömək imkanları üzərində işləyirik”.
Qurum rəhbərinin sözlərinə görə, bu addımın daha tez atılması üçün hazırda yardımın dəqiq formatı və təfərrüatları FIFA-ya üzv assosiasiyalar, konfederasiyalar və digər maraqlı tərəflərlə müzakirə olunur.