FIFA rəmzi komandaların heyətini açıqladı - FOTO
FIFA “İlin ən yaxşıları” müsabiqəsi üzrə qaliblərin adlarını açıqlayıb.
Rakus.az xəbər verir ki, ilk dəfə onlayn formatda təşkil olunan tədbirdə ilin ən yaxşı qadın və kişi məşqçilər, futbolçular olmaqla, ümumilikdə on bir nominasiya üzrə mükafatlar təqdim edilib.
Kişilərdən ibarət rəmzi komandaya qapıçı Alisson Beker (“Liverpul”), müdafiəçilər Serxio Ramos (“Real Madrid”), Vircil van Deyk, Trant Aleksander-Arnold (hər ikisi “Liverpul”), Coşua Kimmix (“Bavariya”), yarımmüdafiəçilər Alfonso Deyvis (“Bavariya”), Tyaqo Alkantara (“Liverpul”), Kevin De Brüyne (“Mançester Siti”), hücumçular Lionel Messi (“Barselona”), Kriştiano Ronaldo (“Yuventus”, Portuqaliya) və Robert Levandovski (“Bavariya”) daxil ediliblər.
FIFA, həmçinin qadınlardan ibarət ilin ən yaxşı komandasının adını açıqlayıb. Rəmzi “11-lik”də qapıçı Tiana Endler (“Paris Sen-Jermen”), müdafiəçilər Lyusi Bronz (“Mançester Siti”), Vendi Renar (“Lion”), Milli Brayt (“Çelsi”), yarımmüdafiəçilər Delfina Kaskarino (“Lion”), Barbara Bonansea (“Yuventus”), Veronika Bokete (“Milan”), Meqan Rapino (ABŞ millisi), hücumçular Pernilla Harder (“Çelsi”), Vivianne Midema (“Arsenal”) və Tobin Hit (“Mançester Yunayted”) qərarlaşıblar.
“The Best” mükafatı ilə bağlı səsvermə noyabrın 25-dən dekabrın 9-dək davam edib. Səsvermədə yığma komandaların baş məşqçiləri, kapitanları, azarkeşlər və FIFA-da qeydiyyatdan keçmiş jurnalistlər iştirak ediblər.
Xatırladaq ki, ötən il bu mükafata İspaniyanın “Barselona” klubunun ulduz futbolçusu Lionel Messi layiq görülüb. Argentinalı bu mükafatı altı dəfə qazanan ilk futbolçu kimi tarixə düşüb.