“Formula 1” Azərbaycana 506.3 milyon dollar gəlir gətirib”
“Formula 1″ yarışına ilk gündən iqtisadi və uzun müddətli layihə kimi baxmışıq. Çünki bu tip layihələr ölkə iqtisadiyyatına müsbət təsir göstərir”.
Rakus.az xəbər verir ki, bu fikirləri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və kommunikasiya şöbəsinin rəhbəriNigar Arpadarai “Formula 1” üzrə 2020-ci il Azərbaycan Qran-prisinə hazırlıq haqqında danışarkən deyib.
O, Bakıda keçirilən “Formula 1” yarışının ölkə iqtisadiyyatına gətirdiyi gəlirin məbləğini də açıqlayıb: “Hər il 22 ölkə, 5 qitədə “Formula 1” yarışları keçirilir. Sevindirici haldır ki, Azərbaycan da bu ölkələr arasındadır. Önəmli bir məlumat verim. Dörd il ərzində Azərbaycanda keçirilən Qran-prinin ölkəyə gətirdiyi gəlir açıqlanıb. Bu məbləğ 506.3 milyon dollara (860 milyon manat) bərabərdir. Bu, çox gözəl məbləğdir və bizim uğurumuzdur. “Formula 1” yarışının “Top 10″luğu seçilib. Azərbaycan 2017 qran-prisi də artıq bu “10”luqdadır. PwC şirkəti ilə əməkdaşlıq edirik. İldən-ilə xərclərimiz azalır. Birinci ildə daha çox infrastruktura, ölkənin tanıtımına vəsait ayrılmışdı. Artıq o xərclər də yoxdur. Artıq əcnəbilərin çoxu Azərbaycanın, Bakının harada olduğunu bilir. Bu səbəbdən artıq sırf olaraq bilet satışı və məhsullarımızın tanıtımı ilə bağlı pul xərcləməyi planlaşdırırıq. Ümid edirəm ki, 2020 Qran-prisi daha uğurlu olacaq”.
Xatırladaq ki, 2020-ci Azərbaycan Qran-prisi 5 – 7 iyunda keçiriləcək.