Fransa Qran-pri mərhələsi olmayacaq
“Formula 1” Fransa Qran-prisinin təşkilatçıları koronavirus pandemiyası ucbatından 2020-ci ildə F1 yarışlarının bu mərhələsinin keçirilməyəcəyini təsdiq ediblər.
Rakus.az xəbər verir ki, iyunun sonunda Pol Rikarda keçirilməsi nəzərdə tutulan yarışlar bu günə qədər ləğv edilməyib və başqa vaxta keçirilməyib, amma Fransanın hökumətinin ən azı iyulun ortalarına qədər iri tədbirlərin keçirilməsinin qadağan edilməsi və səfərlərin məhdudlaşdırılması haqqında qərarına uyğun olaraq, Qran-prinin təşkilatçıları belə qərar qəbul etməyə məcbur olublar.
Fransa Qran-prisinin idarəçi direktoru Erik Bule: “COVID-19 infeksiyası ilə bağlı vəziyyət və Fransa hökumətinin qərarları bu mövsümdə Qran-pri yarışları keçirməyə imkan vermir. Biz artıq 2021-ci il mərhələsinə hazırlaşmağa başlamışıq ki, azarkeşlərə daha baxımlı yarışlar təklif edə bilək”.
Formula 1 yarışlarının icraçı direktoru Çeyz Keri: “Biz Fransa Qran-prisinin promouteri ilə birlikdə hadisələrin inkişafını izləyirdik. Əlbəttə, yarışların bu mərhələsinin keçirilməyəcəyi xəbəri azarkeşləri və bütün Formula 1 ictimaiyyətini məyus edib, lakin biz Fransa hökumətinin qərarlarını tamamilə dəstəkləyirik və Pol Rikara qayıtmağımızı səbirsizliklə gözləyirik”.
Fransa Qran-prisi “Formula 1” yarışlarında bu il ləğv edilmiş və ya başqa vaxta keçirilmiş sayca 10-cu mərhələdir. Builki mövsümün iyulun 5-də Avstriyada başlanacağı güman edilir.