Futbolda oyun qaydaları dəyişir
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyun qaydaları ilə bağlı yeni qərarlar qəbul edib.
Rakus.az xəbər verir ki, yeniliklər bu il iyunun 1-dən tətbiq olunacaq.
Yeni qaydalara əsasən, top hücum edən komandanın oyunçusunun əlinə dəyərsə və bu, sonda qolla nəticələnər və ya qol epizodunun yaranmasına səbəb olarsa, əllə oyun kimi qiymətləndiriləcək. Əks halda, oyun davam etdiriləcək. Top çiyinlə dirsək arasındakı nahiyəyə dəyərsə, bu, qayda pozuntusu hesab olunmayacaq.
Qapıçının penalti zamanı etdiyi qayda pozuntusundan sonra top tora daxil olmasa, yalnız qolkiper zərbəni vuran futbolçunu narahat etdiyi halda 11 metrlik cərimə zərbəsi təkrarlana bilər.
Penaltinin təkrarlanmasına səbəb olan qapıçı sarı vərəqə ilə cəzalanacaq. Bu hal növbəti dəfə yaşanarsa, qolkiper yenə rəsmi xəbərdarlıq alacaq.
Kubok matçlarında oyunun əsas vaxtında sarı vərəqə alan futbolçu, penaltilər seriyasında da eyni cəza ilə üzləşəcəyi təqdirdə, qırmızı vərəqə sayılmayacaq və oyunçu meydandan qovulmayacaq.
Penalti zamanı qapıçı və zərbəni yerinə yetirən futbolçu eyni anda qaydaları pozarsa, yalnız futbolçunun hərəkətinə baxılacaq.
IFAB-ın futbol qaydalarındakı digər dəyişikliyi videotəkrar (VAR) sistemi ilə bağlıdır. Epizodu incələməyə gedən hakim yalnız bir dəfə monitor işarəsi göstərəcək. Şərhə açıq digər epizodlarda referi özü monitora yaxınlaşıb qərar verməlidir. (Report)