Füzulidə taxıl biçini uğurla davam edir - FOTO
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Füzuli rayonu ərazisində karantin rejimi çərçivəsində qabaqlayıcı tədbirlər, sosial izolyasiya işləri ardıcıl və sistemli şəkildə davam etdirilir.
Rakus.az xəbər verir ki, bununla yanaşı, aqrar rayon olan Füzulidə kənd təsərrüfatının inkişafı da diqqətdə saxlanılır, strateji məhsul olan taxılçılığın intensiv inkişafına xüsusi diqqət yetirilir. Məhz bunun nəticəsidir ki, Füzuli rayonu ərazisinin böyük bir hissəsi işğal altında olmasına baxmayaraq 10 ildir ki, respublikada 100 min tondan artıq taxıl istehsal edən rayonlardan biridir.
Füzulidə 2019-2020-ci təsərrüfat ilində 37 min hektardan artıq sahədə payızlıq əkin aparılıb, taxıl sahələrinə aqrotexniki qulluq göstərilib, zərərvericilərə qarşı mübarizə tədbirləri həyata keçirilib, taxıl sahələrində bol məhsul yetişdirilib. Artıq on gündür ki, rayonda taxıl biçininə strart verilib. Taxıl biçininin vaxtında, itkisiz və qısa müddətdə aparılması üçün 50-dan artıq taxılyığan kombayn prossesə cəlb olunmaqla, ilk əvvəl arpa sahələri və düşmənlə təmas xəttinə yaxın olan ərazilərdə biçin işləri həyata keçirilir.
Bu günə kimi 5499 hektar sahədə taxıl biçini aparılıb ki, bunun da 4790 hektarı arpa, 709 hektarı isə buğdadır. Havaların yağıntısız, quraq keçməsi biçin mövsümünün vaxtında və itkisiz başa çatdırılmasına imkan verəcək.
Rayonun taxıl istehsalçıları bu il də buğda sahələrindən ən az 30 sentner məhsul götürməyi, Füzuli rayonunun respublikada 100 min tondan artıq taxıl istehsal edən rayonlar sırasındakı yerini qorumağı qarşılarına məqsəd qoyublar.
Füzulili taxıl istehsalçıları becərdikləri sahələrdən bol məhsul götürməklə həm rayonun daxili tələbatını ödəyirlər, həm də respublikamızın ərzaq təhlükəsizliyinin təmin olunmasına öz töhfələrini verirlər.