Gözəl Bayramlıya pasport verildi
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlıya ümumvətəndaş pasportu verilib.
Rakus.az xəbər verir ki, G.Bayramlı AzadlıqRadiosuna bildirib: “İyulun 24-də axşam saatlarında ona 4 saylı ASAN Xidməti Mərkəzindən zəng vuraraq, gəlib pasportunu götürə biləcəyini söyləyiblər. Bir neçə dəfə zəng vuraraq anlaşılmazlıq olduğunu deyib, Mərkəzə gəlib pasportumu götürə biləcəyimi bildirdilər. Hətta gəlib pasportumu götürməyim üçün axşam əməkdaşlarını orada növbətçi saxladıqlarını da əlavə etmişdilər. Bu gün, iyulun 25-də səhər gedib pasportumu aldım.”
Gözəl Bayramlını 2017-ci il mayın 25-də Gürcüstandan Azərbaycana qayıdarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları saxlayıb.
Onun barəsində qaçaqmalçılıq maddəsi ilə cinayət işi başlanıb və haqqında həbs qətimkan tədbiri seçilib. 2018-ci il yanvarın 23-də Qazax Rayon Məhkəməsi onu 3 il azadlıqdan məhrum edib.
Həmin il noyabrın 14-də kassasiya şikayətinə əsasən xanım siyasətçinin cəzası iki ay azaldılıb.
Bu ilin martında isə Gözəl Bayramlı əfv sərəncamı ilə azadlığa buraxılıb. Gözəl Bayramlı öz həbsini sifariş adlandırmışdı, hüquq müdafiəçiləri onu siyasi məhbus elan etmişdi.
Amma Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onların fikrincə, siyasi məhbus adlandırılan şəxslər konkret törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.