HEYDƏR ƏLİYEV-97: Ulu öndərin müəyyənləşdirdiyi humanist siyasət uğurla davam etdirilir
Müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 97 illiyi xalqımız tərəfindən hörmətlə və böyük ehtiramla qeyd edilir. Bu günlər hər birimiz Heydər Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətlərini bir daha minnətdarlıq hissi ilə anırıq.
Bir çox tarixi şəxsiyyətlər ölkəmizin inkişafında, dövlətçiliyimizin müdafiə olunmasında, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında əhəmiyyətli rol oynayıblar. Onların arasında öz işıqlı əməlləri ilə xalqı müstəqilliyə qovuşdurmuş, dövlətçiliyimizin daha da möhkəmlənməsində mühüm xidmətləri olmuş Azərbaycanın böyük oğlu ümummilli lider Heydər Əliyevin adı qürur hissi ilə çəkilir. Azərbaycanın tarixi şəxsiyyətlərinin fövqündə yer alan bu dahi insanın xalqımız qarşısındakı xidmətləri ölçüyəgəlməzdir. Azərbaycan dövlətinin müstəqilliyi, suverenliyi və azərbaycançılıq məfkurəsinin mövcudluğu üçün xalqımız məhz ümummilli lider Heydər Əliyevə borcludur.
Otuz ildən artıq bir müddətdə Azərbaycan dövlətçiliyinin taleyi dahi və uzaqgörən şəxsiyyət, öz xalqını və vətənini canından artıq sevən ən böyük azərbaycanlı Heydər Əliyevlə bağlı olmuşdur.
Bu illər xalqımızın milli mənlik şüurunun oyanışı, azadlıq və müstəqillik arzusunun güclənməsi, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatının vüsət alması, dirçəlişi ilə əlamətdardır. Bütün həyatını və siyasi fəaliyyətini tarixi keçmişi və zəngin mədəniyyəti ilə fəxr etdiyi xalqının və vətəninin tərəqqisinə həsr etmiş Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından şərəflə çıxaraq sürətli inkişaf yoluna qədəm qoymuşdur. Çoxəsrlik dövlətçilik tariximizdə müstəsna yeri olan Ümummilli Liderin fəaliyyəti təkcə Azərbaycan üçün deyil, həm də postsovet məkanı üçün mühüm əhəmiyyət daşımaqla yanaşı, dünya miqyasında gedən proseslərə də təsir göstərmişdir.
Böyük öndərin ölkəyə rəhbərliyi dövründə dövlət quruculuğunda, insan hüquqları və azadlıqlarının təmin edilməsi yolunda görülən mühüm işlərlə yanaşı, həyatımızın digər sahələrində də möhtəşəm nailiyyətlər qazanılmışdır.
Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyinin hər bir dövrü Azərbaycan ədliyyəsinin misilsiz inkişafı ilə də yadda qalmışdır. Ümummilli liderin Azərbaycan ədliyyəsinə xüsusi diqqət və qayğısı ölkəmizin müstəqillik illərində də davam etmiş, hüquq sistemində inqilabi-demokratik yeniliklərə səbəb olan məhkəmə-hüquq islahatı həyata keçirilmiş, ədliyyə işi müasir tələblərə uyğunlaşdırılmışdır.
Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində Ermənistanın Azərbaycana qarşı təcavüzünün və hakimiyyət uğrunda mübarizənin doğurduğu siyasi və iqtisadi tənəzzül, vətəndaş müharibəsi təhlükəsi, insan hüquqlarının kütləvi şəkildə pozulması, idarəçilik və qanunçuluq sahəsində mövcud olan böhran dövlətçiliyimizi məhv olmaq reallığı ilə üz-üzə qoymuşdu. Məhz belə bir ağır vəziyyətdə xalqın təkidi və xahişi ilə siyası hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsinə, qüdrətli ordu quruculuğuna, demokratik dövlətçiliyin bərqərar olmasına, o cümlədən məhkəmə-hüquq islahatlarına başlanıldı. Nəticədə ölkəmizdə beynəlxalq standartlara cavab verən qanunvericilik bazası yaradıldı, demokratik prinsiplərə əsaslanan yeni məhkəmə sistemi təsis edildi, ədliyyə orqanlarının səlahiyyətləri genişləndirildi və onun qarşısında yeni vəzifələr qoyuldu, şəffaf prosedurlar əsasında peşəkar hakim korpusu formalaşdırıldı.
Dövlətin cəza siyasətində də mühüm islahatlar həyata keçirilmiş, ümummilli lider Heydər Əliyev tərəfindən bir çox fərman və sərəncamlar imzalanmışdır. Dahi rəhbərin apardığı humanist siyasət nəticəsində Şərqdə ilk dəfə olaraq ölüm cəzası ləğv edilmiş, 1995-ci ildən əvvəl unudulmuş əfv və amnistiya təsisatları bərpa edilmiş, 1995-2003-cü illərdə 32 əfv fərmanı müxtəlif cəzalara, habelə ən sərt cəzaya – ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ümumən 3091 məhkuma tətbiq edilmiş, onların böyük əksəriyyəti cəza çəkməkdən azad edilmişdir. Eyni zamanda ulu öndər Heydər Əliyev məhkumların bağışlanmasına yönəlmiş digər bir hüquqi təsisatın, yəni amnistiya aktlarının qəbulunun dövlətimizdə gözəl bir ənənəyə çevrilməsi işində də öz səylərin əsirgəməmişdir. Belə ki, 1996-2003-cü illərdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilən 7 amnistiya aktının hamısının təşəbbüskarı məhz ümummilli lider Heydər Əliyev olmuşdur. Bu amnistiya aktları ümumən 70 mindən artıq müxtəlif cinayətlər törətmiş insanlara tətbiq edilmiş, onların böyük əksəriyyəti cəza çəkməkdən, bir hissəsi isə cinayət məsuliyyətindən azad edilmişlər.
Ümummilli lider Heydər Əliyevin başqa sahələrdə olduğu kimi, ədliyyə sistemində də fəaliyyətin yüksək tələblər səviyyəsində qurulması üzrə xidmətləri öz bəhrəsini bu gün də verməkdədir. Onun başladığı köklü islahatların nəticəsidir ki, müasir Azərbaycan ədliyyəsinin inkişafı davamlı prosesə çevrilmişdir. Həyata keçirilən səmərəli hüquqi islahatlar kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən hazırda uğurla davam etdirilir. Qısa dövr ərzində onun tərəfindən imzalanan fərman və sərəncamlar ölkəmizin dinamik yüksəlişini təmin etmiş və həyata keçirilən islahatlara yeni təkan vermişdir.
Bu baxımdan “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış Sərəncam da insan hüquqlarının effektiv təmini istiqamətində həyata keçirilən islahatların davamlılığı baxımından yeni mərhələ oldu. Bu Sərəncam mahiyyətcə hərtərəfli olmaqla bərabər, özündə insan hüquq və azadlıqlarının əsas prinsiplərini, azadlıq hüququnun təmini baxımından isə strateji, yeni və kompleks yanaşmaları, əsaslı dəyişiklik və əməkdaşlığı özündə ehtiva edir. Həyata keçirilən hüquqi islahatlar insan hüquqlarının genişləndirilməsi baxımından həbs və ya məhkum olunmuş şəxslərin hüquqlarını əhatə etməklə dövlətin sosial məsuliyyətini daha da artırdı. Cinayət törətmiş, hüquq pozuntusuna yol vermiş şəxsin azadlıq hüququ ilə bağlı məhdudiyyətlərin tətbiq edilməsinin qarşısının alınması, bu istiqamətdə cinayət təqibi və cəza icra siyasətinin humanistləşdirilməsi, şəxsin cəmiyyətdən təcrid edilməsi təcrübəsindən getdikcə imtina edilməsi sahəsində mövcud çətinliklər və zərurət məlum Sərəncam əsasında önə çəkilməklə yanaşı, icrası da dövlətin siyasətinin tərkib elementinə çevrildi.
Azərbaycan Respublikası Prezidentinin proqram xarakterli Sərəncamından irəli gələn vəzifələrin dürüst və mütəşəkkil icrası məqsədilə ötən dövrdə Ədliyyə Nazirliyi tərəfindən kompleks tədbirlər görülmüş, o cümlədən aidiyyəti qurumlarla birgə işçi qrupu yaradılaraq beynəlxalq təcrübə öyrənilməklə bu sahədə qanunvericilik və məhkəmə-istintaq təcrübəsi təhlil olunmuş, cəza siyasətinin humanistləşdirilməsi, elektron nəzarət vasitələrinin tətbiqi ilə bağlı qanunvericilik aktlarına mühüm dəyişikliklər edilmişdir.
Belə ki, Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü əsasında Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik edilmişdir. Bu dəyişikliklərə əsasən bir sıra əməllər dekriminallaşdırılmış, azadlıqdan məhrumetmə hallarının azaldılması məqsədilə 160-dək maddənin sanksiyasına alternativ cəzalar, o cümlədən azadlığın məhdudlaşdırılması kimi yeni cəza növü daxil edilmiş, 40-dək cinayətə görə azadlıqdan məhrumetmə cəzası yüngülləşdirilmişdir. Bu Sərəncamın tələbinə müvafiq olaraq ölkəmizdə Probasiya xidməti yaradılmış və cəzaların icrası zamanı müasir informasiya-kommunikasiya texnologiyalarından istifadəni edilməsinə başlanılmışdır.
Bu gün ədliyyə sahəsində elektron xidmətlərin, müasir texnologiyaların və innovasiyaların tətbiqinə xüsusi diqqət yetirilir. Belə ki, cəzaların icrası zamanı müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməsini təmin etmək məqsədilə məhkumlara elektron nəzarət vasitələrinin tətbiqi geniş vüsət almışdır. Ötən qısa zaman ərzində 4500-dən artıq məhkuma elektron nəzarət vasitələri tətbiq edilmişdir.
Görülən tədbirlərin davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 18 dekabr 2018-ci il tarixdə “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların səmərəli icrası məqsədilə elektron nəzarət vasitələrinin tətbiqinin təkmilləşdirilməsi üçün tədbirlər görülməkdədir. Belə ki, ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrasında elektron nəzarət vasitələrinin tətbiqi ilə bağlı hazırda pilot qaydada sınaqlar aparılır.
Bu innovasiyalar qısa müddət ərzində tətbiq edilməsinə baxmayaraq, artıq beynəlxalq marağa səbəb olmuş və Azərbaycanın innovativ məhsullarından digər dövlətlər də bəhrələnirlər.
“Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” eyni zamanda ədliyyə orqanlarının və məhkəmələrin inkişafının təmin edilməsi, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, sosial, normativ-hüquqi və maddi-texniki təminatın yaxşılaşdırılması, infrastrukturun yenilənlməsi məqsədini daşıyır.
Öz şərəfli fəaliyyəti ilə ölkəmizi və xalqını əlçatmaz zirvələrə ucaltmış ümummilli lider Heydər Əliyev bu gün hər birimizin qəlbində yaşayır. Azərbaycanın bugünkü və gələcək nəsillərinin Heydər Əliyevin şərəfli adı və ölməz ruhu qarşısında müqəddəs borcu onun şah əsəri olan müstəqil Azərbaycan dövlətinin daha da çiçəklənməsi və qüdrətlənməsi, xalqımızın rifahı naminə fədakarlıqla çalışmaq, milli birliyimizə sədaqətlə xidmət etməkdir.
Bu gün xalqımız ulu öndər Heydər Əliyevin siyasi varisi – yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar şəxsiyyət kimi dünya siyasətində özünəməxsus yer tutan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir. Tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev dövlətimiz qarşısında taleyüklü məsələləri, xalqımızın dəstəyi ilə başa çatdıracaq, qüdrətli şəxsiyyət Heydər Əliyevin müstəqil dövlətçilik irsini öz quruculuq fəaliyyəti ilə daha da zənginləşdirəcəkdir.
Son aylar dünyada və ölkəmizdə yayılmış koronavirus pandemiyasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qəbul etdiyi qərarlar və gördüyü tədbirlər nəticəsində ölkəmizdə genişmiqyaslı işlər görülüb. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan dövləti öz vətəndaşlarının sağlamlığını qoruyub saxlaya bilməkdədir. Koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanır.
Ulu öndər tərəfindən başlanmış və bu gün də inamla davam etdirilən işlər Azərbaycanda həyata keçirilən islahatların real təzahürü olaraq, ölkəmizin hərtərəfli tərəqqisinə xidmət edir. Ədliyyə işçiləri də ulu öndərin müəyyən etdiyi dövlətçilik amallarına sadiq qalaraq ölkəmizin daha da inkişafı və qüdrətlənməsi naminə möhtərəm Prezidentimizə layiqli yardımçı olmaq üçün daim əzmlə çalışacaqlar.
Elmin Həsənov
Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsinin rəisi, kiçik ədliyyə müşaviri