“Heydər Əliyev. Şəxsiyyət və zaman” kitabının təqdimatı - FOTO
Heydər Əliyev Mərkəzində tanınmış yazıçı-publisist, Milli Məclisin deputatı, Xalq yazıçısı, Əməkdar jurnalist Elmira Axundovanın rus dilində “Heydər Əliyev. Şəxsiyyət və zaman” (“Гейдар Алиев. Личность и эпоха”) üçcildlik roman-tədqiqatının dekabrın 1-də təqdimat mərasimi keçirilib.
Rakus.az xəbər verir ki, roman-tədqiqatda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti canlı şahidlərin, müxtəlif vaxtlarda Ulu Öndərlə birgə işləmiş şəxslərin xatirələri və arxiv materialları əsasında əks etdirilib.
Tədbirdə çıxış edən kitabın müəllifi Elmira Axundova bu genişmiqyaslı layihənin həyata keçirilməsinə 2003-cü ildə Heydər Əliyevin öz xeyir-duası ilə başladığını, 2013-cü ildə isə başa çatdırdığını bildirib. O deyib ki, layihə əvvəlcə üçcildlik formatda nəzərdə tutulmuşdu, lakin sonradan altıcildlik roman-tədqiqata çevrildi. Bu illər ərzində əsər bir neçə ölkədə və bir neçə xarici dildə – ingilis, macar, türk, tacik, rus dillərində işıq üzü gördü. Bu, ikinci nəşrdir. Bu əsər Ukrayna və gürcü dillərinə də tərcümə olunub və çapa hazırlanır. Kitabda Heydər Əliyev haqqında bu günə qədər məlum olmayan faktlar toplanıb. Roman-tədqiqat arxiv sənədləri və rəsmi sənədlər, Azərbaycan xalqının Ümummilli Liderinin dostları, doğmaları və məsləkdaşları ilə yüzlərlə söhbətin lent yazıları əsasında qələmə alınıb.
Elmira Axundova çıxışında Heydər Əliyev şəxsiyyətinin təşəkkülündən, liderlərin necə yetişməsindən, Ümummilli Liderimizin fenomenini şərtləndirən xarakterik xüsusiyyətlərindən danışıb.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin komitə sədri, akademik İsa Həbibbəyli deyib ki, təqdim olunan kitab Elmira Axundovanın çoxillik elmi-publisistik fəaliyyəti nəticəsində ərsəyə gəlmiş çox sanballı bir əsərdir. Bu kitab mütaliə etdiyimiz əsərlər içərisində görkəmli dövlət xadimi Heydər Əliyevə həsr olunmuş ən mükəmməl bioqrafik roman-epopeyadır. Bu roman-epopeyanın ümumiləşdirilmiş, ixtisar olunmuş, əslində yenidən işlənmiş variantı olan üçcildlik o qədər yaradıcı düşüncə əsasında hazırlanıb ki, kitabda nəyinsə ixtisar olunmasını hiss etmək mümkün deyil. Bir sözlə, bu, Heydər Əliyev şəxsiyyətini daha da ucaldan, sözün əsl mənasında, dünya miqyasında möhtəşəm bir abidə səviyyəsinə qaldıran əsərdir.
Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev bu əsərin üzərində böyük əmək sərf edildiyini vurğulayıb. Qeyd edib ki, “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyi ümummilli lider Heydər Əliyev haqqında Moskvada nəşr edilmiş ilk böyük əsərdir. Qazaxıstanın Xalq yazıçısı Oljas Süleymenov üçcildliyə ön sözdə yazır: “Elmira Axundovanın bu kitabı məhəbbətdən yaranıb. Belə kitablar lazımdır: onlar rəhbərlərin yeni nəslinin yetişdirilməsinə kömək edir. Bir ölkədə iki dövlətin rəhbəri olmuş Heydər Əliyevin nadir təcrübəsi xüsusilə qiymətlidir”. Xalq yazıçısı, həmçinin müasir tariximizdə silinməz iz qoymuş bu dahi şəxsiyyət haqqında ürək sözlərini dilə gətirib, xatirələrini bölüşüb.
Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Musa Quliyev bildirib ki, Elmira Axundovanın 20 illik zəhmətinin bəhrəsi olan kitabın Moskvada rus dilində ikinci nəşri böyük əhəmiyyət kəsb edir. Kitabın rus dilində nəşr olunması rusdilli auditoriyanın Azərbaycan həqiqətləri haqqında, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin titanik fəaliyyəti, onun xalqımızın inkişafı və tərəqqisi yolunda göstərdiyi fədakar əmək barədə dolğun məlumat almasına kömək edir.
“Kanon-plyus” nəşriyyatının direktoru Yuri Bajko deyib ki, Heydər Əliyev müstəqil Azərbaycan dövləti üçün bir insanın həyatı boyu edə biləcəyi hər şeyi edib və nəhayət, özünün ən möhtəşəm əsərini – müasir müstəqil Azərbaycanı yaradıb.
Üçcildliyin ərsəyə gəlməsində yaxından dəstək olan xaricdə yaşayan həmvətənimiz, Ümumdünya Dağ Yəhudiləri Konqresinin sədri Akif Qilalov vurğulayıb ki, bu, çox sanballı əsərdir, onu diqqətlə oxumaq və təsirini Azərbaycanın hüdudlarından uzaqlarda da hiss etdiyimiz böyük şəxsiyyətlə təmasda olmaq lazımdır.
Qeyd edək ki, üçcildliyin birinci kitabı (“Hakimiyyət yükü altında” – “Под бременем власти”) ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin erkən dönəmləri haqqında məxsusi və geniş auditoriyaya az məlum olan faktlarla zəngindir. Nəşr Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin arxivlərində, həmçinin Prezidentin şəxsi arxivində aşkar edilən nadir sənədlərə əsaslanır. Əsərin qəhrəmanının uşaqlıq və gənclik illərindən, Ulu Öndərin dövlət təhlükəsizliyi orqanlarında fəaliyyətindən, eləcə də 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdən bəhs olunur.
İkinci kitab (“Kreml beşilliyi” – “Кремлевская пятилетка” ) Sov.İKP MK üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin Kremldə işlədiyi beş ili əhatə edir. Bu cilddə Heydər Əliyevin SSRİ-nin üç baş katibi – Andropov, Çernenko və Qorbaçovla münasibətlərindən bəhs olunur. Siyasi Büro daxilində münasibətlər, Heydər Əliyevin nəticələrinin aradan qaldırılmasında iştirak etdiyi qəzalar və texnogen fəlakətlər, onun xarici səfərləri, “Qorbaçov yenidənqurması”nın başlanğıcı və sonu, Dağlıq Qarabağ münaqişəsi, Heydər Əliyevin istefasının əsl səbəbləri və SSRİ-nin süqutu ikinci kitabda əksini tapıb.
Üçüncü cilddə (“Qayıdış” – “Возвращение”) ulu öndər Heydər Əliyevin 1990-cı ildə Vətənə, üç ildən sonra isə siyasi olimpə qayıdışından bəhs edilir. Kitabda Ümummilli Liderin Naxçıvan Muxtar Respublikasını blokadada yaşayan illərdə aclıqdan və soyuqdan, həmçinin Ermənistanın işğalından xilas etməsi əksini tapıb. Eyni zamanda, Ulu Öndərin Azərbaycanda vətəndaş müharibəsinin, ölkənin parçalanmasının qarşısının alınması, Ermənistanla uzunmüddətli atəşkəsin əldə olunması, neft strategiyası hesabına respublikanın XXI əsrə güclü iqtisadi inkişaf tempi ilə daxil olması istiqamətindəki fəaliyyəti təsvir olunub.