İkinci Xəzər İqtisadi Forumuna hazırlıq gedir - FOTO
Moskvada Rusiya İqtisadi İnkişaf Nazirliyində 2021-ci ildə Həştərxanda keçiriləcək İkinci Xəzər İqtisadi Forumuna hazırlıq üzrə təşkilat komitəsinin birinci iclası keçirilib.
Rakus.az xəbər verir ki, iclasa federal nazir Maksim Oreşkin sədrlik edib.
Xatırladaq ki, avqustun ortalarında Türkmənistanda Xəzəryanı dövlətlərin hökumət nümayəndələrinin və işgüzar dairələrinin iştirakı ilə Birinci Xəzər İqtisadi Forumu keçirilib.
Türkmənistanda keçirilən forumda Rusiya tərəfinin İkinci Xəzər İqtisadi Forumunun Həştərxanda keçirilməsinə dair təklifi bəyənilib və təsdiq olunub. Bu region uzun müddətdir ki, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanla uğurlu əməkdaşlıq edir. Vilayətdə Xəzəryanı dövlətlərin 250-dən çox müəssisəsi fəaliyyət göstərir. 2018-ci ilin yekunlarına görə, Xəzəryanı dövlətlərlə əmtəə dövriyyəsi 80 faiz – 400 milyon dollara qədər artıb.
Avqustun 30-da Rusiya hökumətinin sədri Dmitri Medvedev tədbirin təşkilat komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. Komitənin tərkibinə Həştərxan vilayətinin qubernatoru da daxildir.
Təşkilat komitəsinin iclasında çıxış edən qubernator İqor Babuşkin deyib: “Biz Birinci Xəzər İqtisadi Forumunun təşkilati və keçirilməsi təcrübəsini öyrənmişik. İndi qarşımızda İkinci Xəzər İqtisadi Forumunun keçirilməsi vəzifəsi durur”.
Qubernator vurğulayıb ki, Həştərxan vilayəti artıq beynəlxalq tədbirlərin keçirilməsi təcrübəsinə malikdir. 2016-cı ilin aprelində bu vilayətdə keçirilmiş Birinci Xəzər Texnoloji Forumu – “Texnokaspi-2016”nı qeyd etmək kifayətdir. 2017-ci ildə isə Həştərxan “Texnokaspi-2017” İkinci Xəzər Texnoloji Forumuna ev sahibliyi edib.
İqor Babuşkin qeyd edib: “Biz İkinci Xəzər İqtisadi Forumunun təşkili üzrə Həştərxan vilayətinin qarşısında duran böyük vəzifəni çox gözəl başa düşürük”.