İlham Əliyev Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyi ilə bağlı sərəncam imzaladı
Prezident İlham Əliyev tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi münasibətilə sərəncam imzalayıb.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan xalqının ədəbi-bədii və mədəni-ictimai fikir xəzinəsinə töhfələr bəxş etmiş qüdrətli söz ustası Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, böyük ədib Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.