İlham Əliyev: “İnsanların sağlamlığı və sosial rifahı əsasdır”
Mən deyə bilərəm ki, pandemiyadan, əlbəttə, bizim iqtisadiyyatımız da zərər çəkir. İstisna deyil ki, ikinci rübün yekunları o qədər də ürəkaçan olmayacaq. Ancaq bu, ikinci dərəcəli məsələdir. Birinci dərəcəli məsələ vətəndaşların sağlamlığıdır. Biz bilirik ki, əgər karantin rejimini bax, dediyim bu səbəblərə görə sərtləşdirsək, iqtisadi vəziyyətimizə bunun çox mənfi təsiri olacaq. Amma biz buna gedəcəyik. Çünki insanların sağlamlığı və sosial rifahı birinci yerdədir. Məhz bu məqsədlə 3,5 milyard manat vəsait ayrıldı.
Rakus.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışında deyib.
Prezident bildirib ki, pandemiyadan ən çox ziyan çəkən sahələrdə işini itirən 700 minə yaxın vətəndaşın əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən verilir. Bu məqsədlə 600 min işsiz, aztəminatlı və qeyri-formal məşğulluqla pul qazanan insanlar dövlət tərəfindən maddi yardımla təmin edilir. Bütün bu işləri biz görürük ki, vətəndaşların sosial və maddi vəziyyətini sabit saxlayaq. Bütün bu addımlar, əlbəttə ki, beynəlxalq birlik tərəfindən də qiymətləndirilir. Mən bunu demişəm, bir daha demək istəyirəm ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda pandemiyaya qarşı mübarizə istiqamətində görülmüş tədbirləri yüksək qiymətləndirib, bizi nümunəvi ölkə adlandırıb. Bu, həqiqətən də belədir. Azərbaycanda həm ölkə daxilində, ilk növbədə, bütün lazımi tədbirləri görürük və beynəlxalq müstəvidə də öz sözümüzü deyirik.