Prezident İlham Əliyev “Rossiya-24” televiziyasına müsahibə verdi - FOTO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının “Rossiya-24” televiziya kanalına müsahibə verib. Dövlətimizin başçısı müsahibədə Azərbaycan-Rusiya ikitərəfli münasibətləri və digər məsələlərlə bağlı sualları cavablandırıb. Rakus.az müsahibəni təqdim edir.
– Cənab Prezident, salam. Çox sağ olun ki, bizi Azərbaycanda yenidən qəbul edirsiniz. Biz 2019-cu ilə birlikdə yekun vura bilərik. Bu il Azərbaycan üçün, Rusiya-Azərbaycan münasibətləri üçün necə olub?
-Sizi Azərbaycanda yenidən görməyimə çox şadam, xoş gəlmisiniz. Keçənilki görüşümüzü xatırlayıram. İlin sonunda görüşmək yaxşı bir ənənə olub. Əlbəttə, həm azərbaycanlı, həm də rusiyalı tamaşaçılara deməyə sözümüz var. Ona görə ki, bu il ikitərəfli münasibətlərin inkişafı baxımından həqiqətən çox zəngin olub.
Biz ilə yekun vururuq. Əminəm ki, bu il bizim münasibətlərimizin tarixinə ölkələrimizin yaxınlaşması baxımından ən fəal və dinamik illərdən biri kimi daxil olacaq. Yüksək səviyyədə əlaqələrimiz çox olub. Mən Rusiya Prezidenti ilə dəfələrlə görüşmüşəm və hər bir görüş çox faydalı, səmərəli və nəticəyönümlü olub. Bizim öz komandalarımıza verdiyimiz tapşırıqlar yerinə yetirilib. Biz praktiki olaraq bütün fəaliyyət sahələrimizi – ticarət, nəqliyyat, energetika, humanitar və turizm sahələrini əhatə edən beş “yol xəritəsi” çərçivəsində proqramı fəal surətdə reallaşdırırıq. Bu ilin sonunda həmin “yol xəritələri”nə daha ikisi – innovasiyalar üzrə və gənclər siyasəti üzrə “yol xəritələri” əlavə olunub. Bu, bizim təşəbbüsümüz idi və Rusiya tərəfindən müsbət qəbul edildi.
Deməliyəm ki, artıq gələn ilin fevral ayında birinci Rusiya-Azərbaycan gənclər forumunun keçirilməsini planlaşdırırıq. Biz hesab edirik ki, ikitərəfli nailiyyətlərimizi qoruyub saxlamaq və artırmaq üçün gənc nəsil hökmən ünsiyyətdə olmalı, bir-birini tanımalı, əməkdaşlıq baxımından yetkin həyata hazırlaşmalıdır. Buna görə əminəm ki, Azərbaycan və Rusiya gənclərinin birinci forumu çox faydalı, xoşagələn, maraqlı olacaq və beləliklə, gənc nəslin nümayəndələri artıq bir-birini tanıyacaqlar. Əminəm ki, indiki nəsil kimi, gələcək nəsil də əlaqələrimizi möhkəmlətməyə çalışacaq.
Sənaye sahəsində çox iş görülüb. Şadıq ki, bu il Azərbaycanda ən iri sənaye layihələrindən biri həyata keçirilib. “Qazprombank” bu layihənin maliyyələşdirilməsinə təqribən 500 milyon dollar ayırıb. Bu il Azərbaycanda 100 faiz Rusiya investisiyalı əczaçılıq müəssisəsi açılıb. Bu da çox mühüm hadisədir. Ona görə ki, bu gün biz əczaçılıq şirkətlərinin məhsullarının satışı məsələsində çox cəhətdən idxaldan asılıyıq. Bu il həm də “Vertolyotı Rossii” şirkəti ilə birlikdə helikopterlərin təmiri və onlara xidmət üzrə servis mərkəzinin təməli qoyulub. Deməliyəm ki, bizdə Rusiya istehsalı olan 100-dən çox helikopter var və əlbəttə, onlara servis tələb olunur. Biz hesab edirik ki, bu mərkəz həm də regional xarakterli olacaq və Rusiya hərbi texnikasına malik qonşu ölkələr bizim imkanlarımızdan istifadə edəcəklər.
Hərbi-texniki əməkdaşlıq baxımından da bu il uğurlu olub. Biz əvvəllər imzalanmış, həcmi milyard dollarlarla ölçülən kontraktların reallaşmasını davam etdirmişik, bu sahədə mövcud dinamikanın qorunub saxlanması üçün yeni kontraktlar bağlanması imkanlarını müfəssəl müzakirə etmişik. Azərbaycanda istehsal edilən “KamAZ” və “Ural” avtomobillərindən əlavə, “QAZ” avtomobilləri istehsalı zavodunun da təməli qoyulub. Metro vaqonlarının təchizatı barədə Rusiya şirkəti ilə üçillik kontrakt imzalanıb. Biz metronun vaqon parkını tamamilə yeniləyirik. Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonu açılıb. Bu da əlamətdar hadisədir. Pavilyon ilkin görkəmində bərpa edilib. Bu, məşhur beynəlxalq məkanda Azərbaycanın mədəni mərkəzidir.
Dekabrın 24-də Samur çayı üzərində yeni avtomobil körpüsü açılıb. Bu körpü dövlətlərimizi əlaqələndirir. Bu da çox mühüm hadisədir. Ona görə ki, köhnə körpü ötən əsrin 50-ci illərində tikilmişdi və daşınan yüklərin, oradan keçən minik avtomobillərinin həcminə davam gətirmirdi. Buna görə dekabrın 24-də sərhəddə təntənəli şəraitdə istifadəyə verilmiş körpü bizim əməkdaşlığımız, habelə regional əməkdaşlıq üçün yeni qapı olacaq. “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi nəticəsində yükdaşımaların həcmi keçən il 8 dəfə, bu il isə 60 faiz artıb. Buna görə bu mühüm nəqliyyat layihəsinin reallaşdırılması ilə əlaqədar öz ərazisində bütün işləri prinsip etibarilə başa çatdıran Azərbaycan qonşu ölkələr üçün artıq nəqliyyat-logistika imkanları təqdim edir. Mən bu siyahını davam etdirə bilərəm.
-Layihələr həqiqətən də çoxdur və əsas odur ki, onlar həyata keçirilir, bu, tamamilə başqa səviyyədir. Bu, artıq sənaye sahəsində əməkdaşlıq, qarşılıqlı fəaliyyət və yüksək texnologiyalar səviyyəsidir. Yəqin Siz razılaşarsınız ki, onların dinamikası, ümidvaram, növbəti il də davam edəcək və bu il, sadəcə, Rusiya və Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcı olacaq, irəlidə bizim digər layihələrimiz də olacaq, bizi başqa rekordlar gözləyir. Bütün bunları bu gün məhdudiyyətləri ilə biznesə mane olan inzibati baryerlərin aşılması şəraitində inkişaf etdirmək zəruridir. Əgər gələn ilə nəzər salsaq, Sizcə növbəti ildə bu məhdudiyyətlərdən hansıları aradan götürülə bilər? Hansı addımları atmaq zəruridir?
-Bu məsələlər il ərzində detallı şəkildə müzakirə olunub. Belə ki, sizin söylədikləriniz bizim münasibətlərimizin, o cümlədən iqtisadi-ticari sahədə əməkdaşlığımızın inkişafının ayrılmaz hissəsidir. Ona görə də ölkələrimizin müvafiq strukturlarına artıq bu gün gömrük prosedurlarının sadələşdirilməsi, yüklərin daşınmasına nəzarət üzrə müasir texnologiyaların tətbiqi, sərhədi keçməyin sadələşdirilməsinə dair tapşırıqlar verilib. Həm Azərbaycanda, həm də Rusiyada bu istiqamətdə müasir texnologiyalar tətbiq edilir. Ona görə düşünürəm ki, məhz bu cür inzibati və bürokratik maneələrin aradan qaldırılması əsas istiqamətlərdən biri olacaq.
İqtisadi sahədə əməkdaşlığa gəldikdə, əminəm ki, əmtəə dövriyyəsi artacaq. Bu il biz 25 faiz artım müşahidə edirik, ötən il 20 faizə yaxın olub. Bu, iqtisadi-ticari münasibətlərdə ciddi dinamikadan xəbər verir. Çünki artıq mövcud olan yüksək bazanı aşmaq bizim üçün asan deyil. Bunun üçün isə, əlbəttə, biz mənim söylədiyim “yol xəritələri”ni uğurla həyata keçirməliyik və nəqliyyat-tarif siyasətinə yanaşmaları əhəmiyyətli dərəcədə unifikasiya etməli, o cümlədən yeni nəqliyyat layihələri üzrə fəaliyyətimizi əlaqələndirməliyik. Bu gün Azərbaycanda Xəzər dənizinin sahili boyunca mövcud yola paralel olaraq Bakıdan Rusiya sərhədinə qədər yeni avtomobil trası inşa edilir. Avtomobil trasının bu marşrutu məsafəni xeyli azaldacaq. Ona görə də Rusiya sərhədinə çatmaq daha tez və rahat olacaq.
-Mütləq rəqəmlərlə ifadə etsək, bizim qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 3 milyard dollara yaxınlaşır. Dollar demişkən, Rusiya və Azərbaycan dollardan asılılığı azaltmaq üçün tədricən milli valyutalarda hesablaşmalara keçirlər. Bu gün Azərbaycanın “Mir” ödəmə sisteminə qoşulmasının mümkünlüyü də müzakirə edilir. Bu yaxınlarda Vladimir Putin MDB-nin sammitində, ümumiyyətlə, ortaq maliyyə bazarı yaradılmasının perspektivləri barədə düşünməyi təklif edib. Belə təşəbbüslərə Sizin münasibətiniz necədir?
-Biz bu təşəbbüsləri ciddi surətdə nəzərdən keçiririk. Biz ölkələr arasında ticarətin milli valyutalarla aparılması ilə bağlı məsələləri qonşu ölkələrdə də müzakirə edirik. Bildiyiniz kimi, bu məsələ orada da çox fəal müzakirə olunur və bu istiqamətdə ilk addımlar atılır. Buna görə də düşünürəm ki, ilk növbədə, bizim əmtəə dövriyyəsində milli valyuta ilə satıla biləcək malların nomenklaturu müəyyən edilməli və sonra bu istiqamətdə addımlar atılmalıdır.
“Mir” ödəmə sisteminə qoşulmaq barədə təklifi nisbətən yaxın vaxtlarda almışıq və onu ciddi öyrənirik. Fikrimcə, xüsusən Rusiyadan Azərbaycana turist axınının kəskin artması ilə əlaqədar burada yaxşı perspektiv var. Keçən il Azərbaycana təqribən 900 min rusiyalı gəlib. Bu il isə 11 ay ərzində müvafiq rəqəm yenə 900 mindir. Yəni, biz milyona yaxınlaşırıq. Biz turizm sənayesini fəal inkişaf etdirir və turizm hesabına gəlirin uçotunu aparmağa çalışırıq. Əlbəttə, turistlərin ödəmə kartları üzrə nə qədər xərclədiklərini hesablamaq çox asandır. Lakin turistlərin çoxu həm də nağd pul xərcləyir. Bu, əsasən keçmiş SSRİ məkanından olan turistlərə aiddir. Buna görə əgər bu sistem Azərbaycanda tətbiq edilsə, bizdə mədaxilin dəqiq uçotu aparılacaq, rusiyalılar üçün isə Azərbaycana gəlmək xeyli rahat və münasib olacaq, bəzən mübadilə məntəqələrində pul dəyişdirilməsi ilə bağlı problemlərlə üzləşməyəcəklər.
-Bəs, vahid maliyyə bazarı?
-Maliyyə bazarı daha mürəkkəb məsələdir. Bu barədə bizə hələlik konkret təkliflər edilməyib. Bu barədə bəyanatlar eşitmişik. Əlbəttə, bunu ciddi öyrənəcəyik. Təbii ki, bizim yanaşmamız həmişə praqmatizmə, məsələnin praktiki tərəfinə əsaslanır. Əgər bu, sərfəli, maraqlı, rahat olsa, əmtəə dövriyyəsini stimullaşdırsa, biznes strukturlarının fəaliyyətini asanlaşdırsa, əlbəttə, biz bu məsələyə çox ciddi yanaşacağıq.
-Əlbəttə, Rusiya və Azərbaycan dedikdə həmişə iri enerji layihələri yada düşür. Biz burada həm də tərəfdaşlarıq. Bizi rəqiblər də adlandırırlar. Bunun nə dərəcədə əsaslı olduğunu bilmirəm. Biz “Türk axını” layihəsinin inkişafı və Cənub Qaz Dəhlizi barədə danışırıqsa, gələn il üçün Sizin planlarınız necədir? Siz Avropaya çatmalısınız…
– Elədir. Mən də, ilk növbədə, bu məsələyə toxunmaq istərdim. Ona görə ki, bəzən müxtəlif ölkələrin mətbuatında burada hansısa rəqabət olması barədə eşidirik, bu cür tezislər görürük. Bu, əsla belə deyil, heç vaxt belə olmayıb və əminəm ki, belə olmayacaq. Bizim və ya Rusiyanın həyata keçirdiyi enerji layihələri məsələsi heç vaxt hər hansı ciddi diskussiyaların mövzusu olmayıb. Yəni, mənim fikrimcə, bizim həyata keçirdiyimiz layihələri həm Rusiyada, həm də Azərbaycanda dəstəkləyirlər.
“Türk axını” layihəsinə gəldikdə, bu layihənin həm Rusiya üçün, həm də Türkiyə üçün nə dərəcədə vacib olduğunu bilirik. Hər iki ölkə bizim yaxın tərəfdaşlarımızdır. Buna görə də biz bu layihəni lap əvvəldən dəstəkləmişik.
Azərbaycan qazının Avropa bazarına çıxması məsələsinə gəldikdə, Cənub Qaz Dəhlizi layihəsi həyata keçiriləndən sonra Avropa bazarına ildə 10 milyard kubmetr qaz göndəriləcək. Rusiyadan göndərilən həcm ilə müqayisədə, – dəqiq rəqəm yadımda deyil, lakin ayrı-ayrı illər üzrə təxminən 150-170 milyard kubmetrdir, – bu, çox kiçik həcmdir. Ona görə də Cənub Qaz Dəhlizi layihəsi, əlbəttə, əsla rəqib deyil. Biz də bunu heç vaxt belə hesab etməmişik. Sadəcə, bu layihə Azərbaycana öz qaz ehtiyatlarını beynəlxalq bazarlarda satmaq imkanı verəcək. Bu dəhliz üzrə qazın bir hissəsi artıq Türkiyə bazarına çatdırılır. Bu il noyabrın sonunda TANAP layihəsi – Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Anadolu qaz kəməri artıq Yunanıstan sərhədinə çatdırılıb. Türkiyə-Yunanıstan sərhədindən İtaliyaya qədər qaz kəmərinin tikintisi də 90 faizdən çox tamamlanıb. Beləliklə, biz uzunluğu 3500 kilometr olan bu layihəni gələn il bütünlüklə istifadəyə verməyi nəzərdə tuturuq. Bu, həm də bizə hazırda işlənilmə mərhələsində olan yeni qaz yataqlarını istismara verməyə imkan yaradacaq və daha düşünməyəcəyik ki, Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkədir. Ona görə ki, biz nəqliyyat və enerji dəhlizləri vasitəsilə artıq çoxdan həm Qara dəniz, həm də Aralıq dənizi bazarına çıxmışıq və indi, əlbəttə, Türkiyənin və Avropanın qaz bazarlarına nisbətən böyük həcmdə çıxırıq.
-Tərəfdaşlıq Avropaya göndərilmək üçün Rusiya qazının alınması ilə davam edə bilər.
-Bəli, şübhəsiz. Düşünürəm ki, gələcəkdə biz yenə də çoxtərəfli səmərəli əməkdaşlıq çərçivəsində əvvəllər bəlkə də həyata keçirilməsi mümkünsüz görünən bir çox birgə layihələri reallaşdıra bilərik. Bu cür əməkdaşlığın örnəyi kimi mən Azərbaycan və Türkiyənin dəmir yolu xətlərini birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini misal gətirə bilərəm. Bu gün rusiyalı təchizatçılar Rusiyadan yükləri Azərbaycan ərazisi ilə Türkiyə limanlarına, ilk növbədə, Mərsinə çatdırırlar. Daha sonra Avropa ölkələrinə yüklərin limanlarda yükaşırma olmadan dəmir yolu ilə daşınması perspektivi var. Bu gün biz artıq milyonlarla tona çatacaq mümkün həcmlərdən danışırıq. Həm də biz Azərbaycanla Türkiyə arasında dəmir yolu xəttinin tikilməsi təşəbbüsünü irəli sürəndə çoxlarına elə gəlirdi ki, bu, yalnız Çin və Mərkəzi Asiyadan olan yükgöndərənlərə aid ediləcək, lakin bu gün rusiyalı yükgöndərənlər artıq yüklərini bu istiqamət üzrə daşıyırlar. Buna görə də istisna etmirəm ki, Türkiyə ərazisində cəmləşəcək bizim yaratdığımız və artıq Rusiyanın da yaratdığı mövcud qaz nəqli infrastrukturu müəyyən mərhələdə ortaq infrastruktura çevrilə bilər.
-Burada yəqin ki, həm də Azərbaycan, Rusiya və İranın enerji sistemlərini xatırlatmaq vacibdir. Burada da əməkdaşlıq üçün böyük imkanlar mövcuddur.
-Tamamilə doğrudur. Biz Rusiya ilə paralel rejimdə işləyirik. Bu, çox səmərəli rejimdir. Hər rübdə mənə enerji mübadiləsi üzrə məlumatı təqdim edirlər. Ən əsası odur ki, hər hansı qəza zamanı biz həmişə bir-birimizə güvənə bilərik. Ötən ilin yayında Azərbaycanda qəza baş verəndə, demək olar ki, tam blekaut vəziyyəti yarananda Rusiya tərəfi bizə müəyyən strateji obyektləri elektrik enerjisi ilə təmin edə bilmək üçün qəbul edə biləcəyimiz həcmdə zəruri yardım göstərdi.
Dağıstanda qəza baş verəndə biz də eynilə bu cür hərəkət edirik, dərhal enerji axınını Rusiya bazarına yönəldirik. Bu gün Azərbaycanda min meqavat həcmində elektrik enerjisi artıqlığı var. Biz Gürcüstan, Türkiyə və bəzi Avropa ölkələrinə elektrik enerjisi ixrac edirik. Zərurət yarananda Rusiya ilə də satış həyata keçiririk. Biz, həmçinin İranla yeni elektrik verilişi xətti inşa etmişik. Beləliklə, artıq üç ölkə arasında energetika dəhlizi mövcuddur və üç ölkənin nazirləri mütəmadi olaraq görüşərək bu istiqamətdə gələcək əməkdaşlıq məsələlərini müzakirə edirlər.
-Bu, ortaq enerji sisteminə çevrilə bilərmi?
-Bəli, bu, artıq praktik olaraq baş verir. Çünki artıq mənim dediyim kimi, biz Rusiya Federasiyası ilə paralel rejimdə işləyirik. Həmçinin qərb istiqamətində, cənub istiqamətində bizim enerji xəttimiz və ixracımız nizamlanıb. Ona görə düşünürəm ki, təkcə üçtərəfli Azərbaycan-İran- Rusiya miqyasında deyil, daha böyük həcmdə koordinasiya və çoxtərəfli əməkdaşlıq hamı üçün faydalı olacaq.
-Yəqin ki, Siz Rusiyanın “Şimal axını-2” layihəsinin necə təzyiqə məruz qaldığını müşahidə edirsiniz. Siz dediyiniz kimi, Azərbaycanın Avropa bazarında ambisiyaları bir qədər azdır, lakin o da bu cür basqıya məruz qala bilər. Siz bunu hiss edirsinizmi?
-Xeyr. Enerji layihələri baxımından hiss etmirik. Üstəlik, avropalı istehlakçılar Azərbaycan qazının əlçatan olmasında maraqlıdırlar. Dediyim kimi, bu həcm kiçik olsa da, amma hər halda mövcuddur. Buna görə də energetika ilə bağlı məsələlərdə biz bu cür təzyiq hiss etmirik.
-Avropalı istehlakçılar “Şimal axını-2” layihəsində maraqlıdırlar, amerikalı istehsalçılar isə o qədər də yox. Bu maraq çox da qarşılıqlı deyil. Bütövlükdə, qarşılıqlı siyasi fəaliyyət, siyasi fon barədə danışmalı olsaq, Rusiyanın qərbli tərəfdaşları ilə münasibətlərinin sizə hər hansı təsirini görürsünüzmü, bu münasibətlər Azərbaycana necə təsir göstərir?
-Mən deyərdim ki, əlbəttə, bu təsiri birbaşa görmürük, ona görə ki, bu məsələ bir növ bizim fəaliyyət sahəmizə aid deyil. Amma, əlbəttə, bütövlükdə ölkələr arasında, bizimlə tərəfdaşlıq münasibətləri olan ölkələr arasında əlaqələr gərginləşəndə, bu, hamıya mənfi təsir göstərir.
-Bəlkə Sizi Rusiya ilə dostluq etməkdən çəkindirmək istəyirlər?
-Fikrimcə, elə deyil. Məncə, artıq hamıya, o cümlədən Avropa məkanında da məlumdur ki, Azərbaycan müstəqil xarici siyasət yürüdür və bunu açıq elan edir. Bizim sözlərimiz heç vaxt əməllərimizə zidd olmur. Avropa ölkələri ilə bizim yaxşı, xoş münasibətlərimiz var. Biz Avropa İttifaqının üzvü olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalamışıq və ya bu cür sənədlər qəbul edilib. Bu, Avropa İttifaqı ölkələrinin üçdəbiri deməkdir, lakin Brexitdən sonra üçdəbirdən də çox olacaq. Keçən il biz Avropa İttifaqı ilə tərəfdaşlığın prioritetləri barədə sazişi paraflamışıq. Bu sazişdə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin, sərhədlərinin toxunulmazlığının dəstəklənməsi ifadə edilib.
Hazırda Avropa İttifaqı ilə danışıqlar prosesi gedir. Bütün bunlar başqa ölkələrlə münasibətlər qurulmasına əsla mane olmur. Avropada da başa düşürlər ki, Azərbaycan qonşularla münasibətlər baxımından tamamilə müstəqil kurs yürüdür. Azərbaycan o ölkədir ki, o, yarana biləcək təsiri və təzyiqi dəf edə bilər və bunu dəfələrlə nümayiş etdirib. Səbəb odur ki, biz iqtisadi baxımdan müstəqilik. Biz öz vəsaitimiz hesabına yaşayırıq. Bizim kreditə ehtiyacımız yoxdur. Beynəlxalq İnkişaf Assosiasiyasının hesablamalarına görə, biz donor ölkə olmuşuq. Azərbaycanın xarici dövlət borcu ümumi daxili məhsulun təqribən 17 faizi civarındadır. Bu göstərici üzrə biz dünyada 9-cu yerdəyik. Buna görə də iqtisadi müstəqillik siyasət meydanında da öz mövqeyimizi qorumaq üçün bizə güc verir. Biz də bunu uğurla edirik. Yarana biləcək təzyiq və basqıları dəf etmək üçün bir imkanımız da ondan ibarətdir ki, bizim siyasətimiz xalq tərəfindən dəstəklənir, biz haqlı olduğumuza əminik. Beləliklə, əvvəllər Azərbaycanı hansısa məcraya yönəltmək üçün göstərilən bütün cəhdlər puç olub.
-Siz Avropa İttifaqına daxil olmağa hazırlaşmırsınız?
-Tamamilə doğrudur.
-Əvvəlcə göstərilib, sonra yığışdırıla bilən bu cür dadlı tikə yoxdur…
-Bu yaxınlarda Azərbaycan jurnalistləri ilə görüşümdə mən bu məsələlər barədə ətraflı danışmışam, belə ki, bəzən bizim mətbuatımızda bununla bağlı reallıqdan uzaq fikirlər səsləndirilir. Mən bu məsələnin üzərində təfsilatı ilə dayanaraq dedim ki, bizi orada heç gözləmirlər də. Biz hətta namizədlərin siyahısına da daxil deyilik. Həm də Azərbaycan “Şərq tərəfdaşlığı” layihəsində birləşən keçmiş SSRİ-i ölkələrinin bəzilərindən fərqli olaraq assosiasiya haqqında sazişi imzalamayan ölkədir. Mən onu əvvəldən axıradək oxumuşam. Başa düşdüm ki, bu, saziş deyil. Bu, təlimatdır. Bunlar bizim əməl etməyimiz üçün yuxarıdan göndərilən təlimatlardır. Mən öz komanda üzvlərimə sual verdim. Bu təlimat bizim nəyimizə lazımdır? O, bizə nə verəcək? Burada Azərbaycan üçün hər hansı əməli fayda varmı? Mən şəxsən bunu görmədim. Ona görə də biz Avropa Komissiyasına bunun yerinə bizim üçün faydalı olacaq, Azərbaycan vətəndaşlarına bu addımı nədən ötrü atdığımızı izah edə biləcəyim ikitərəfli saziş üzərində işləməyi təklif etdik. Axı, biz kiminsə xoşuna gəlmək üçün və ya sadəcə ondan bizdə də var demək xətrinə saziş imzalaya bilmərik. Biz bu cür işləmirik. Bizim əldə edəcəyimiz hər hansı saziş, hər hansı razılaşmanın konkret nəticələri olmalıdır.
Biz bu gün Rusiya-Azərbaycan münasibətlərindən bəhs etdik. Görürsünüz, hər məsələdə konkret nəticə var, bizim razılıq əldə etdiklərimizin və imzaladıqlarımızın hamısı həyata keçirilir. Biz Avropa Komissiyasına da bunu təklif etdik və deməliyəm ki, yeni saziş üzrə danışıqlar bütövlükdə pis getmir. Bəndlərin 90 faizindən çoxu razılaşdırılıb. Lakin razılıq əldə olunmayan bəndlər bizim üçün qətiyyən qəbuledilməzdir. Əgər Avropa İttifaqının mövqeyində dəyişiklik baş verərsə, onda biz nəticəyə hesablanmış danışıqları davam etdirə bilərik.
-Bu il Dağlıq Qarabağda atəşkəs haqqında sazişin, müddətsiz sazişin 25 ili tamam oldu. Elə bu il tərəflər Bakının və Yerevanın qəbul etdiyi proqram üzrə sülhə doğru hərəkətin başlandığını bəyan etdilər və bir neçə maraqlı hadisə baş verdi. O cümlədən məsələn, Ermənistanda və Azərbaycanda jurnalist nümayəndə heyətləri mübadiləsi. Siz bu, çox mürəkkəb məsələdə daha hansı müsbət cəhətləri qeyd edərdiniz?
-Təəssüf ki, daha heç nəyi. Hesab edirəm ki, 2019-cu il münaqişənin nizamlanması üçün itirildi. Bunun günahı isə erməni tərəfinin qeyri-ardıcıl, ziddiyyətli və anlaşılmaz mövqeyidir. Çünki il ərzində biz Ermənistanın ali rəhbərliyinin bir-birinə tamamilə zidd olan bəyanatlarını eşidirdik. Məsələn, onlardan biri Dağlıq Qarabağın “müstəqil dövlət” olması və Azərbaycanın belə adlandırılan “müstəqil dövlət” ilə danışıqlar aparmalı olması barədə bəyanatdır. Bu, danışıqlar prosesinin tamamilə pozulması, mahiyyətcə onun dayandırılması cəhdi idi. Təbii ki, bununla nə biz razılaşa bilərdik, nə də vasitəçi ölkələr – ATƏT-in Minsk qrupunun həmsədrləri. Bildiyimə görə, onlar da Ermənistan rəhbərliyinə xəbərdarlıq etdilər ki, bu populist və zərərli, təhlükəli siyasətdən əl çəksin.
Görünür ki, bu ağlabatan məsləhəti eşidən Ermənistan rəhbərliyi öz mövqeyini dəyişdi, lakin yenə də daha pis bir istiqamətdə. Ermənistanın baş nazirinin növbəti bəyanatı ondan ibarət oldu ki, Dağlıq Qarabağ Ermənistandır və nöqtə. Onda bizdə belə bir sual meydana çıxır: onlar gah deyirlər ki, Dağlıq Qarabağ heç kimin, o cümlədən Ermənistanın da tanımadığı müstəqil dövlətdir, gah da deyirlər ki, Dağlıq Qarabağ Ermənistandır. Bu da yalandır. Beləliklə, onlar özləri Dağlıq Qarabağın nə olduğunu bilmirlər. Əgər onlar Dağlıq Qarabağın nə olduğunu bilmirlərsə, biz bunu onlara izah edə bilərik. Mən bunu oktyabrda “Valday” forumu çərçivəsində sizin kanalınızın birbaşa efirində etmişəm, onda demişdim ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi. Erməni tərəfinin tezislərindən fərqli olaraq, bu, həqiqətdir, çünki həm tarixi ədalət, həm də beynəlxalq hüquq Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiq edir. Azərbaycan BMT-yə daxil olanda, o, özünün tam ərazi bütövlüyü çərçivəsində üzv olub. Əgər biz buraya BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal olunmuş əraziləri dərhal və qeyd-şərtsiz tərk etməsi haqqında qətnamələrini, digər beynəlxalq təşkilatların qətnamələrini və heç bir ölkənin Dağlıq Qarabağ adlanan ağlasığmaz və qeyri-qanuni qurumu tanımadığını da əlavə etsək, onda görərik ki, münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyünün tanınması və onun suverenliyinə hörmət müstəvisində olmalıdır. Ona görə də Ermənistan rəhbərliyi bu sadə həqiqəti nə qədər tez başa düşsə, bizim danışıqlar prosesində irəliləmək şansımız yaranar.
-Bəli, bu proqram davam etdiriləcək. Siz bu mövqelərə sadiq qalırsınızmı?
-Nizamlanma mövqeyi üzrə?
-Bəli, sülhə nail olmaq üzrə.
-Bəli, sülhə doğru irəliləmək fəal danışıqlar prosesi ilə müşayiət olunmalıdır. Erməni tərəfinin bizim Dağlıq Qarabağla danışıqlar aparmalı olduğumuz barədə bəyanatına baxmayaraq, indi danışıqlar Azərbaycan və Ermənistan arasında aparılır. Mənim baş nazir Paşinyanla görüşlərim, o cümlədən ATƏT-in Minsk qrupunun təsbit etdiyinə görə, martda Vyanada keçirilən rəsmi görüş erməni tərəfinin onu necə dəyişmək istədiyinə baxmayaraq, bir daha təsdiq etdi ki, danışıqlar prosesi və format dəyişilməyib. Ona görə də sülhə doğru irəliləmək və danışıqlar trekində real tərəqqi paralel getməlidir.
-Növbəti il bizim ortaq tariximiz üçün xüsusi il olacaq. Biz böyük Qələbənin, Böyük Vətən müharibəsində Qələbənin 75 illiyini qeyd edəcəyik. Təəssüf ki, biz artıq hər dəfə bu bayramda tarixi yenidən qiymətləndirmək cəhdləri ilə ovqatların təlx edilməsi hallarına alışırıq. İndi tarixi yenidən qiymətləndirmək cəhdlərinə faşizmin qəhrəmanlaşdırılması da əlavə olunub ki, bu, artıq ölkəmizi müdafiə edən və bu Qələbəni bizim üçün qazanan insanlar və onların nəsli üçün yolverilməzdir. Birincisi, Siz bu bayramı necə qeyd edəcəksiniz, Azərbaycan xalqı onu necə qeyd edəcək? İkincisi, Siz bizim ortaq tariximizdə baş verənləri necə qiymətləndirirsiniz?
-Siz çox vacib məsələyə toxundunuz. Bu məsələ mütləq bütün ölkələrin gündəliyində olmalıdır və düşünürəm ki, bütün ölkələr və onların rəhbərləri öz mövqelərini açıq şəkildə ifadə etməlidirlər. Bu məsələ üzrə susmaq siyasəti aparmaq olmaz və necə deyərlər, “həm sizin, həm də bizim” siyasəti aparılmamalıdır. Hesab edirəm ki, bütövlükdə hər bir məsələ üzrə hər bir ölkənin öz mövqeyi olmalıdır və ilk növbədə, bu məsələyə dair. Çünki biz tarixin yenidən yazılması, faşizmin qəhrəmanlaşdırılması, tarixi həqiqətin təhrif edilməsi üzrə təhlükəli tendensiyaları görürük. Biz buna çox ciddi yanaşmalıyıq. Ona görə də MDB-də əməkdaşlıq çərçivəsində bu məsələ gündəlikdədir və MDB-nin Sankt-Peterburqda sonuncu qeyri-formal sammitində Vladimir Vladimiroviç Putin tarixi sənədlərə istinadla onlardan ətraflı danışdı. Onların bir çoxunu biz ilk dəfədir eşidirdik, mən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil aldığım zaman tarixi yaxşı öyrənmişəm, o vaxt həmin sənədlər yox idi, onları bizə tədris etmirdilər və düşünürəm ki, bu, bir xəta idi.
-Bu, xəta idi?
-Bu, xəta idi. Amma mənim fikrimcə, bu, siyasi korrektliklə bağlı olub. Ona görə ki, bu cür sənədlərdə elə incə məqamlara toxunulur ki, sovet tarix elmi həmin məqamları “məxfi” qrifi altında saxlamağı qərara almışdı. Amma Rusiya Prezidentinin ətraflı çıxışında həmin məqamlar hamıya təqdim edildi və mənim fikrimcə, bu, çoxları üçün böyük sürpriz oldu. Biz həmin dövrdə, əslində, nələr baş verdiyini bir daha gördük. Buna görə də istər tarixin yenidən yazılması, istərsə də faşizmin qəhrəmanlaşdırılması əsla yolverilməzdir.
Azərbaycan Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ehtiramla yanaşır. Hərçənd, açıq deməliyəm, təəssüf ki, müstəqilliyin ilk illərində belə olmayıb. O vaxt özünü Xalq Cəbhəsi adlandıran bir qrup hərbi çevriliş yolu ilə hakimiyyətə gələndə onlar 9 May bayramını ləğv etmişdilər, müharibə veteranları təqiblərə, mənəvi terrora məruz qalırdı. Praktiki olaraq, indi bəzi ölkələrdə baş verən hadisələr o vaxt bizdə olurdu. Yalnız Heydər Əliyev hakimiyyətə qayıdandan sonra tarixi ədalət bərpa edildi. Veteranlar yenidən dövlətin dəstəyindən istifadə etməyə başladılar, 9 May günü ümummilli bayram elan edildi və o vaxtdan – 1994-cü ildən biz bu bayramı qeyd edirik, həmin gün qeyri-iş günüdür. Mən hər il veteranlarla görüşürəm, biz həlak olanların xatirəsini ehtiramla yad edir, onların məzarları üzərinə gül-çiçək, əklillər qoyuruq. Azərbaycanda Böyük Vətən müharibəsi veteranları dövlətin çox böyük dəstəyindən istifadə edirlər.
Onu da demək istərdim ki, Azərbaycan bizim ümumi Qələbəmizə böyük töhfə verib. 120-dən çox Sovet İttifaqı Qəhrəmanı əslən Azərbaycandandır. Bizim müəssisələrdə gecə-gündüz hərbi texnika, o cümlədən məşhur “Katyuşa” raketləri istehsal edilirdi. Ona görə ki, həmin illərdə Azərbaycan sənayesi inkişaf etmişdi. Həmçinin Sovet ordusu üçün neftin 70 faizini, benzinin 80 faizini, sürtgü yağlarının 90 faizini Azərbaycan təmin edirdi, bunlar olmasa idi, müharibədə qalib gəlmək mümkün olmazdı. Biz bilirik ki, Hitler ordusunun çox hücumlarının uğursuz olması yalnız yanacağın vaxtında gətirilməməsinin nəticəsi idi. Təsadüfi deyil ki, faşist Almaniyası Bakını tutmağa çalışırdı. Yeri gəlmişkən, mən bu barədə oktyabr ayında Aşqabadda MDB-nin sammitində danışmışdım. Məşhur bir kadrda Hitlerə üzərində alman dilində “Xəzər dənizi” sözləri yazılmış tort gətirirlər. Orada Xəzər dənizinin sərhədlərində qara rəngli əridilmiş şokolad tökülüb. Hitler svastikanı götürüb düz Bakı sözü yazılan yerə qoyur. Onun planları belə idi. Bakının tutulması Sovet İttifaqı üçün fəlakət olardı. Ona görə ki, Sovet İttifaqı mühüm bir komponentdən məhrum edilərdi. Bizim vətəndaşlar üçün isə bu, ona görə fəlakət olardı ki, bütün neft quyuları minalanmışdı. Əgər faşistlər Bakını tutmağa nail olsaydılar, hər şey havaya uçar, yüz minlərlə insan həlak olardı. Buna görə də Böyük Vətən müharibəsi və Vətən uğrunda həlak olanlar haqqında xatirə, – Azərbaycandan müharibədə iştirak etmiş 600 mindən çox döyüşçünün 300 mini həlak olub, – bizim üçün müqəddəsdir. Biz bunu xatırlayırıq və ehtiramla yad edirik.
Daha bir məqam. Biz faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi məsələsində hər hansı siyasi korrektlikdən uzaq olmalıyıq. Kimin necə nitqlər söyləməsindən, kimin nə etməsindən asılı olmayaraq, biz hər şeyin öz adını deməliyik. Oktyabrda Aşqabadda mən daha bir məsələ qaldırdım, çünki gündəlikdə ümumi Qələbəmizin 75 illiyinin bayram edilməsinə hazırlıq məsələsi dururdu. Mən dedim ki, MDB məkanında faşistlərin qəhrəmanlaşdırılması, Ermənistanda baş verənlər, Yerevanda faşistlərin əlaltısı Qaregin Ter-Arutyunyana altı metr hündürlüyündə heykəl qoyulması yolverilməzdir. Njde ləqəbi ilə məşhur olan bu adam SMERŞ tərəfindən həbs edilərək 25 il azadlıqdan məhrum edilib və Vladimir həbsxanasında ölüb. Ona bəraət verilməmişdi. İndi belə bir adama Ermənistanda altı metr hündürlüyündə heykəl qoyulur, küçələrə, meydanlara onun adını verirlər. Bu, Ermənistan rəhbərliyinin də guya faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinin əleyhinə olması barədə bəyanatı ilə bir araya necə sığa bilər? Mən bu barədə açıq danışdım, öz mövqeyimi bildirdim və bu biabırçı məsələdə əli olmayan Ermənistanın baş nazirinə öz mövqeyini bildirmək şansı verdim. Lakin təəssüf ki, onun reaksiyası tamamilə qeyri-adekvat oldu. O cavab verdi ki, Soljenitsın da sovet düşərgələrində olub. Mən yenidən çıxış üçün söz alıb deməyə məcbur oldum ki, Soljenitsın ilə faşist cəlladının eyniləşdirilməsi həyasızlıqdır.
Bir müddət sonra Ermənistanın baş naziri rusiyalı jurnalistlərlə görüşdə daha irəli gedərək deyib ki, Molotov da Hitler ilə görüşmüşdü, bunda təəccüblü heç nə yoxdur. Lakin bu tezisi ümumiyyətlə şərh etmək çətindir. Ona görə ki, tarixdən elementar biliyi olan hər kəsə məlumdur ki, Molotov Sovet İttifaqının Xarici İşlər naziri olub və onun bir vəzifəsi müharibənin əvvəlində riskləri mümkün qədər minimuma endirmək idi. Çünki biz yaxşı bilirik ki, Sovet İttifaqı 1939-cu ildə, əslində elə 1941-ci ildə də müharibəyə hazır deyildi, əgər hazır olsaydı, bu cür itkilər olmazdı. Buna görə də düşünürəm ki, bütün bu qeyri-adekvat bəyanatlar çox ciddi diqqət tələb edir. Burada siyasi korrektlik və ya hər hansı siyasi maraqlar xatirinə tarixin yenidən yazılması və faşizmin qəhrəmanlaşdırılması cəhdlərinə yol vermək olmaz.
Mən gələn il 9 May gününü Moskvada keçirməyi planlaşdırıram. Vladimir Vladimiroviç Putindən dəvət almışam. Adətən mən həmin günü Bakıda veteranlarla birgə qeyd edirəm. Bu dəfə isə – 5 il bundan əvvəl Qələbəmizin 70 illiyini qeyd edəndə olduğu kimi, Moskvada olacağam.
– Bu sözləri Sizdən bu gün eşitməyimiz çox sevindirici və vacibdir. Biz Sizi Moskvada qarşılamağa şad olacağıq. Müsahibə üçün çox sağ olun.
-Sağ olun.