İlham Əliyev Səudiyyə Ərəbistanından nazir qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falihi qəbul edib.
Rakus.az xəbər verir ki, dövlətimizin başçısı Bakıda “OPEC plus” ölkələrinin işində iştirak etdiyinə görə Xalid Əbdüləziz Əl Falihə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev Azərbaycanın neftin sənaye üsulu ilə istehsalın vətəni olduğunu vurğulayaraq, bu tədbirin Bakıda keçirilməsinin xüsusi məna daşıdığını qeyd edib. Dövlətimizin başçısı “OPEC plus” formatında əməkdaşlığın dünyada neftin qiymətinin balanslaşdırılmasında mühüm rol oynadığını vurğulayıb.
Nazir Xalid Əbdüləziz Əl Falih, ilk növbədə, İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun salamlarını dövlətimizin başçısına çatdırıb. O, Azərbaycanın “OPEC plus” formatında fəal iştirak etdiyini bildirərək ölkəmizdə tədbir iştirakçılarına göstərilən qonaqpərvərliyi yüksək qiymətləndirib. Xalid Əbdüləziz Əl Falih Prezident İlham Əliyevin “OPEC plus” formatının yaradılmasında liderlik rolunu yüksək dəyərləndirərək bu formatda Azərbaycanın çox fəal iştirakçı olduğunu qeyd edib. İkitərəfli münasibətlərə toxunan Xalid Əbdüləziz Əl Falih ölkəsinin Azərbaycanı ərazi bütövlüyünün və təcavüz nəticəsində pozulmuş suverenliyinin bərpası işinə tam sadiq olduğunu vurğulayıb. O qeyd etdi ki, Azərbaycanın möhkəmlənməsi, iqtisadi inkişafı və iqtisadiyyatının şaxələndirilməsi istiqamətində gedən işlər Səudiyyə Ərəbistanında böyük maraqla izlənilir. Xalid Əbdüləziz Əl Falih bu həftə Səudiyyə Ərəbistan Krallığından Azərbaycana gələn nümayəndə heyətlərinin Azərbaycan hökuməti və biznesinin nümayəndələri ilə məhsuldar görüşlər keçirdiyini vurğulayıb.
Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun salamlarına görə təşəkkürünü bildirib, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına çatdırmağı xahiş edib.
Ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyinə Səudiyyə Ərəbistanı Krallığının göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndirib və bunu dostluq münasibətlərinin təzahürü kimi dəyərləndirib. İki ölkə arasında siyasi sahədə əlaqələrin inkişafından məmnunluğunu ifadə edən Prezident İlham Əliyev Azərbaycanda və Səudiyyə Ərəbistan Krallığında hazırda iqtisadiyyatın şaxələndirilməsi üzrə böyük işlərin həyata keçirdiyini qeyd edib və bunun iqtisadi əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı imkanlar yaratdığını deyib. Dövlətimizin başçısı Səudiyyə Ərəbistan Krallığından Azərbaycana gələn turistlərin sayının artdığını qeyd edərək, bunun ölkələrimizin və xalqlarımızın bir-birinə daha da yaxınlaşması işinə xidmət etdiyini vurğulayıb. Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev qeyd edib ki, Səudiyyə Ərəbistan Krallığından Azərbaycana gələn insanlar xalqımızın qonaqpərvərliyinin və dostluq münasibətinin şahidi olurlar.
Görüşdə Azərbaycanla Səudiyyə Ərəbistan Krallığı arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyi bildirilib, Səudiyyə Ərəbistanı Krallığının “Saudi Aramco” şirkətinin Bakıda ofisinin açılması yüksək qiymətləndirilib, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
13:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falihi qəbul edib.
Rakus.az-ın xəbərinə görə, bu barədə AZƏRTAC məlumat yayıb.