İlham Əliyev yeni səfirləri qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzabın etimadnaməsini qəbul edib.
Rakus.az xəbər verir ki, səfir Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab fəxri qarovul dəstəsinin qarşısından keçib.
Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərək deyib:
“Cənab Prezident, böyük şərəf hissi ilə qardaş və dost Azərbaycan Respublikasına səfir təyin olunmağımla bağlı etimadnaməni və sələfimin geri çağırılması ilə bağlı məktubu Sizə təqdim edirəm. Sizin baxışınıza ən uyğun şəkildə ikitərəfli münasibətlərimizin inkişafı üçün əlimdən gələni edəcəyəm. Çox sağ olun”.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət edib.
Prezident İlham Əliyev deyib:
“Xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Sizə ölkəmizdə yaxşı vaxt keçirməyi arzu edirəm. Əminəm ki, sizin Azərbaycandakı fəaliyyətiniz zamanı ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafı davam edəcəkdir. Bizim çox yaxşı siyasi əlaqələrimiz var. Hər iki tərəf bu münasibətləri qardaş ölkələr arasında münasibətlər kimi dəyərləndirir. Bu, həqiqətdir. Əminəm ki, siyasi, iqtisadi və müxtəlif sahələrdə biz çoxlu tərəqqi müşahidə edəcəyik. Ölkələrimiz beynəlxalq arenada fəal əməkdaşlıq edir. Dövlət başçıları səviyyəsində qarşılıqlı rəsmi səfərlər olmuşdur. Bizim hökumətlərarası fəaliyyətimiz var. Nazirlər səviyyəsində qarşılıqlı səfərlər var. Ona görə əminəm ki, tərəfdaşlığımızın ənənəvi sahələrinə əsas diqqəti yetirmək və yeni sahələri aşkar etmək üçün gələcəkdə çoxlu imkanlar olacaq.
Hesab edirəm ki, ticarət dövriyyəsi ilə bağlı olan məsələyə xüsusi diqqət yetirməliyik. Hesab edirəm ki, ticarət dövriyyəsini hər iki istiqamətdə artırmaq üçün potensial var. Çünki indi bizim bir-birimizə təqdim edə biləcəyimiz daha çox şey var. Şadam ki, ölkənizdən gələn turistlərin sayı artmaqdadır və bu da bizim əməkdaşlığımızın yaxşı əlamətidir. Bildiyiniz kimi, sizin vətəndaşlar üçün heç bir viza tələbi yoxdur və əminəm ki, hər iki istiqamətdə biz turistlərin sayının artdığını görəcəyik.
Həmçinin potensial əməkdaşlıq sahələrindən biri də investisiyalardır. Bilirəm ki, sizin ölkəniz xaricə sərmayə yatırır, Azərbaycan da xaricə sərmayə yatırır, biz birgə investisiya layihələri üçün sahələri tapa bilərik. Odur ki, diqqətimizi cəmləşdirmək üçün çoxlu sahələr olacaq. Əminəm ki, Azərbaycandakı fəaliyyətiniz zamanı siz çox məşğul olacaqsınız və əlaqələrimizin gücləndirilməsi üçün bütün vaxtınızı sərf edəcəksiniz”.
Səfir Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab deyib:
“Təşəkkür edirəm Zati-aliləri. Cənab Prezident, burada olmaqdan, Sizinlə görüşməkdən, Sizə etimadnaməmi təqdim etməkdən şərəf hissi duyuram. Qətər Dövlətinin Əmiri şeyx Təmim bin Həməd Al Taninin Sizə salamlarını, xalqınıza daha böyük nailiyyətlər, rifah və tərəqqi arzularını çatdırıram. Buraya gəldikdən sonra biz hərtərəfli inkişafın şahidi olmuşuq və mən bunu görüşdüyüm hər kəsə söyləyirəm. Biz ilk baxışdan ölkənizə aşiq olmuşuq. Qoşulmama Hərəkatının Sammitində iştirak etmək, dini liderlərin Sammitini isə izləmək fürsəti mənə nəsib olmuşdur. Zati-aliləri, bu iki sammitin uğurlu keçirilməsi münasibətilə Sizi, hökumətinizi və xalqınızı təbrik edirik. Bu, bizdə belə bir təəssürat yaradır ki, Azərbaycan dünya xəritəsində öz çəkisinə malik olan ölkələrdəndir, düzgün istiqamətdədir və müxtəlif tədbirlərin keçirilməsi üçün ev sahibi kimi çıxış edir. Bu da Azərbaycan üçün siyasi vasitədir. Əlbəttə ki, bizim çox mükəmməl münasibətlərimiz var. Mənə şəxsən bu münasibətlərin bütün istiqamətlərdə inkişafı üçün gərgin çalışmaq təlimatı verilmişdir”.
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Taninin salamlarına görə minnətdarlığını bildirib, onun salamlarını Qətər Dövlətinin Əmirinə çatdırmağı xahiş edib.
12:58
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzabın etimadnaməsini qəbul edib.
Bu barədə məlumatı AZƏRTAC yayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də İordaniya Haşimilər Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sami Abdullah Ğoşehin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Sami Abdullah Ğoşeh fəxri qarovul dəstəsinin qarşısından keçib.
Sami Abdullah ĞOŞEH etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərək deyib:
“Cənab Prezident, İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri kimi etimadnaməmi və sələfimin geri çağırılma məktubunu təqdim etmək mənim üçün şərəfdir”.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Prezident İlham Əliyev deyib:
“Xoş gəlmisiniz cənab səfir, sizi Azərbaycanda salamlayıram, sizə uğurlar arzulayıram. Əminəm ki, fəaliyyətiniz dövründə biz İordaniya-Azərbaycan dostluq, qardaşlıq əlaqələrinin inkişafını görəcəyik.
Bildiyiniz kimi, əlaqələrimiz çox yüksək səviyyədədir və biz bir çox sahələrdə uğurlu əməkdaşlıq edirik. Mənim qardaşım Kral həzrətləri ilə çox möhkəm dostluq-qardaşlıq münasibətlərimiz vardır. Bildiyiniz kimi, dövlət başçılarının bir çox qarşılıqlı səfərləri təşkil edilmişdir. Beynəlxalq təşkilatların tədbirləri zamanı biz həmişə bir-birimizlə görüşürük. Eyni zamanda, beynəlxalq tədbirlər zamanı da həmişə görüşürük. Ötən ay Rusiyada “Valday” Diskussiya Klubunun iclasında birlikdə iştirak etmişik. Doğrudan da Kral həzrətləri ilə bizim çox yaxın əlaqələrimiz var və bu əlaqələr ikitərəfli münasibətlərimizin inkişafı üçün də mühüm rol oynayır. Beynəlxalq təşkilatlar çərçivəsində həmişə bir-birimizi dəstəkləyirik və bu qarşılıqlı dəstək və həmrəylik davam etdiriləcək.
Hesab edirəm ki, biz növbəti mərhələdə daha çox iqtisadi əməkdaşlığa fikir verməliyik. Hələ ki, qarşılıqlı ticarət dövriyyəmiz bizim istəklərimizi əks etdirmir. Ona görə ticarət dövriyyəsinin artırılması istiqamətində əlavə addımların atılması lazımdır. Hesab edirəm ki, hökumətlərarası komissiya da bu istiqamətdə önəmli addımlar atacaq. Qarşılıqlı sərmayə qoyuluşu məsələlərinə də çox diqqətlə baxmaq lazımdır. Son zamanlar turizm sahəsində yaxşı irəliləyiş var və əminəm ki, bu müsbət dinamika davam etdiriləcək. Ölkənizin çox məşhur, dünya səviyyəli tarixi abidələri, əlbəttə ki, bir çox ölkələrdən turistləri ölkənizə cəlb edir. Son illərdə Azərbaycana da xaricdən gələn turistlərin sayı kəskin artmışdır. Bu ilin on ayında 11 faiz artım var. Ancaq oktyabr ayında keçən ilin oktyabrı ilə müqayisədə 25 faiz artım olub.
Biz sözlə, əlaqələrimizin hərtərəfli inkişafı üçün çox gözəl şərait vardır. Əminəm ki, siz öz fəaliyyətinizlə bu işlərə yeni təkan verəcəksiniz. Bir daha xoş gəlmisiniz”.
Səfir Sami Abdullah Ğoşeh deyib:
“Cənab Prezident, gərgin iş qrafikinizə baxmayaraq, bizə vaxt ayırıb qəbul etdiyinizə, etimadnaməni təqdim etmək üçün şərait yaratdığınıza görə Sizə təşəkkürümüzü bildiririk. İcazə verin, İordaniya Haşimilər Kralı II Abdullahın salamlarını Sizə çatdırım. Azərbaycan Respublikasına və Azərbaycan xalqına davamlı inkişaf, rifah və şəxsən Sizə cansağlığı, uzun ömür arzulayıram.
Əlahəzrət Kralın təlimatına uyğun olaraq mən işlədiyim müddət ərzində iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı istiqamətində səylərimi əsirgəməyəcəyəm. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindəki həmkarlarımla birlikdə və digər qurumların köməyi ilə bu əlaqələrin daha da inkişaf etməsinə nail olacağıq. İki ölkə arasında iqtisadiyyat, investisiya və turizm sahələrində əlaqələrin inkişafı üçün azərbaycanlı həmkarlarımızla birgə iş görəcəyik. Cənab Prezident, Əlahəzrət Kral gələn ay Sizinlə görüşmək arzusundadır.
Cənab Prezident, icazə verin, mən Azərbaycanda gördüyüm bu möhtəşəm inkişaf, bütün sahələri əhatə edən tərəqqiyə valeh olduğum barədə hisslərimi Sizə bildirim. Qeyd etmək istəyirəm ki, cənab Prezident, mən, əlbəttə, Azərbaycanın necə gözəl, füsunkar ölkə olduğunu şəkillərdən, fotolardan bilirdim, amma buraya gəldiyim ilk gündən bunun bilavasitə şahidi oldum. Əlbəttə, əldə olunmuş bu misilsiz, əvəzolunmaz tərəqqinin adamda yaratdığı ilk təəssürat odur ki, həqiqətən Azərbaycan inkişaf etmiş dövlətlərin sırasındadır”.
Prezident İlham Əliyev:
“Təşəkkür edirəm, xahiş edirəm mənim də səmimi salamlarımı Kral həzrətlərinə çatdırasınız.
Ölkəmiz haqqında dediyiniz xoş sözlərə görə sizə minnətdaram. Əminəm ki, fəaliyyətiniz dövründə siz Azərbaycanın müxtəlif regionlarına səfər edəcəksiniz, ölkəmizlə, xalqımızla yaxından tanış olacaqsınız. Eyni zamanda, onu görəcəksiniz ki, İordaniyaya, onun xalqına Azərbaycan cəmiyyətində çox böyük rəğbət var”.
12:58
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də İordaniya Haşimilər Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sami Abdullah Ğoşehin etimadnaməsini qəbul edib.