İqtisadiyyat sahəsində Nobel mükafatı laureatları açıqlandı
Alfred Nobelin xatirəsinə həsr olunan, iqtisadiyyat üzrə Nobel mükafatı 2019-cu il üzrə Hindistan əsilli amerikalı alim Abirjit Banerjiyə, fransız əsilli amerikan alim Ester Düfloya və digər amerikalı alim Maykl Kremerə “qlobal yoxsulluğun aradan qaldırılması üçün təcrübi yanaşmasına görə” verilib.
Rakus.az xəbər verir ki, bu barədə İsveç Kral Elmlər Akademiyası yanında Nobel Mükafatı Komitəsi tərəfindən keçirilmiş xüsusi tədbirdə elan edilib.
İsveç Kral Elmlər Akademiyasının alimləri və baş katib Yoran Xanson tədbirdə çıxış edərək builki laureatların apardığı tədqiqatların əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, bu ilin laureatları tərəfindən aparılan araşdırma insanlığın qlobal yoxsulluqla mübarizə qabiliyyətini xeyli yaxşılaşdırıb. Cəmi iki onillikdə, onların yeni təcrübəyə əsaslanan yanaşması, hazırda çiçəklənən tədqiqat sahəsi olan inkişaf iqtisadiyyatını dəyişdirib. Belə ki, iqtisadiyyatda son dramatik inkişaflara baxmayaraq, bəşəriyyətin ən aktual məsələlərindən biri qlobal yoxsulluğun bütün formalarının azaldılmasıdır.
“700 milyondan çox insan hələ də çox aşağı gəlirlə yaşayır. Hər il beş yaşına qədər 5 milyona yaxın uşaq ucuz müalicə ilə sağalması mümkün olan xəstəliklərdən ölür. Dünyadakı uşaqların yarısı hələ də əsas savad və sayma bacarıqları olmadan məktəbi tərk edirlər”, – deyə akademiya üzviləri qeyd ediblər.
Beləliklə builki laureatlar qlobal yoxsulluqla mübarizə üçün ən düzgün addımların tapılması üçün yeni bir yanaşma təqdim ediblər. Qısacası, onların yanaşması bu məsələnin daha kiçik, daha çox idarə oluna bilən məsələlərə bölünməsinə – məsələn, təhsil nəticələrini və ya uşaq sağlamlığını yaxşılaşdırmaq üçün ən təsirli tədbirlər. Onların fəaliyyəti göstərib ki, bu kiçik, daha dəqiq tərtib olunmuş problemlərə ən çox əziyyət çəkən insanlar arasında uğurlu şəkildə hazırlanmış təcrübələr ilə yaxşı cavab vermək mümkündür.