İran əl yükləri və baqajlara baxmayacaq - FOTO
Gömrük-keçid məntəqələrində Azərbaycanın paytaxtı Bakı şəhərindən İran ərazisindən keçməklə Naxçıvana və əks istiqamətdə səyahət edən sərnişinlərin əl yükləri və baqajlarına gömrük nəzarəti tətbiq edilməyəcək.
Rakus.az xəbər verir ki, bu barədə Azərbaycan Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, sərnişinlərin rahatlığının təmin edilməsi, sərhədkeçmə prosesinin sürətləndirilməsi və avtobusların mənzil başına daha tez çatmasını təmin etmək məqsədilə gömrük nəzarəti Dövlət Gömrük Komitəsi sədrinin sərəncamına əsasən, avqustun 19-dan etibarən Bakı Beynəlxalq Avtovağzalında yaradılan gömrük nəzarəti zonasında həyata keçiriləcək.
Məlumatda deyilir ki, əvvəllər sərhədi keçən avtobuslar hər iki ölkənin gömrük postlarında ümumilikdə 4 dəfə gömrük nəzarətindən keçir və sərnişinlərin əl yükləri dəfələrlə yoxlanılırdı.
“Son bir il ərzində İranla aparılan danışıqların və görülən tədbirlərin nəticəsi olaraq 13 iyun 2019-cu ildə Azərbaycan ilə İran arasında beynəlxalq avtomobil əlaqələri sahəsində birgə komissiyanın növbəti iclasında Bakı-Naxçıvan-Bakı marşrut xətti üzrə hərəkətdə olan avtobuslardakı əl yüklərinin sərhəd-keçid məntəqələrində yoxlanma prosedurlarına dəyişikliyə dair razılıq əldə olunub. Yeni qaydalara əsasən Azərbaycan tərəfində gömrük nəzarətindən keçirilən avtobuslar və sərnişinlərə aid yüklər xüsusi nömrələr və plomblarla təmin olunduqdan sonra İran ərazisinə daxil olur. İki ölkənin gömrük orqanları arasında imzalanan memoranduma əsasən Azərbaycan qarşı tərəfə avtobusların yük yerlərində qaçaqmal faktı təşkil edən və İran ərazisində dövriyyəsi qadağan edilən malların olmadığına dair təminat verir və avtobuslar İranda gömrük yoxlamasından keçirilmir. Bununla da İran ərazisinə daxil olan avtobusun heç bir əlavə yoxlama aparılmadan sürətli şəkildə gömrük postlarından keçidi təmin olunur.”
Gğmrük Komitəsi bildiirir ki, pilot layihə Naxçıvandan Bakıya gələn avtobusları da əhatə edir.
“Əks istiqamətdə hərəkət edən avtobuslar və sərnişinlərə dair əl yüklərinin, baqajların gömrük nəzarətindən keçirilməsi məqsədilə Naxçıvan şəhərindəki Avtovağzal Kompleksində gömrük nəzarəti zonası yaradılıb.”
Dövlət Gömrük Komitəsi hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə birlikdə bu layihənin Türkiyə, Gürcüstan və Rusiyaya gedən avtobuslara tətbiq edilməsi üzərində iş aparır.
1988-ci ildə Ermənistan və Azərbaycan arasında münaqişə başladıqdan sonra Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ölkənin əsas ərazisi ilə quru yollarla birbaşa əlaqəsi itib. Birbaşa quru yollar SSRİ dövründə əsasən Ermənistandan keçirdi.
Hazırda Naxçıvan əhalisi Azərbaycanın əsas ərazisi, o cümlədən paytaxt Bakı ilə hava yolu ilə və İran ərazisindən keçən quru yolu ilə əlaqə saxlayır. Digər uzun quru yolu isə Türkiyə və Gürcüstan ərazisindən keçir. Türkiyə və Gürcüstan ərazisindən keçən quru yolu çox uzun olduğundan hazırda bu yoldan demək olar ki, istifadə olunmur.