İşçi Qrup 61 fərdi ev və təsərrüfat sahəsinə baxış keçirdi
Dövlət başçısının “Azərbaycan Respublikasının Tovuz rayonunun Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamının icrası ilə əlaqədar, aidiyyəti dövlət qurumları nümayəndələri və mütəxəssislərdən ibarət İşçi Qrup Ermənistanın hərbi təxribatı nəticəsində Tovuz rayonuna dəymiş ziyanın qiymətləndirilməsi işlərinə başlayıb.
Rakus.az xəbər verir ki, hücuma məruz qalmış yaşayış məntəqələrində hərbi təcavüzdən zərər çəkmiş dinc əhalinin, onların əmlakının, dövlət obyektlərinin vəziyyəti hazırda mütəxəssislər tərəfindən öyrənilir, müvafiq müayinə və ekspertiza işləri aparılır.
Artıq mütəxəssislərdən ibarət 3 qrup Tovuz rayonunun atəşə məruz qalmış yaşayış məntəqələrində – Ağdam, Dondar Quşçu, Əlibəyli, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində 61 fərdi ev və təsərrüfat sahəsinə baxış keçirib. Baxış zamanı müəyyən olunub ki, 6 ev və yardımçı tikili tam yararsız vəziyyətə düşüb və əsaslı tikinti tələb olunur. Bundan başqa, 15 ev və yardımçı tikili, habelə tövlələrə ciddi zərər dəydiyi, 40 ev və təsərrüfatda isə yüngül fəsadlar olduğu müəyyənləşdirilib.
Bunlarla yanaşı, artilleriya atəşi nəticəsində fərdi təsərrüfatlara da ciddi ziyan dəyib. Belə ki, kənd sakinlərinin 20-25 xırdabuynuzlu heyvanı və 70-75 ev quşu tələf olub, qış ehtiyatı üçün toplanan 300-350 ot bağlaması tamamilə yanıb, bir sıra vətəndaşların şəxsi avtomobilləri mərmi qəlpələrindən ciddi zədələnib, 15 evdə vətəndaşların məişət əşyaları və həyətyanı əkin sahəsi zərər görüb.
İşçi qruplar tərəfindən dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə də baxış keçirib. Hazırda vətəndaşların evlərinə, yardımçı tikililərinə, şəxsi əmlak və əkin sahələrinə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş zərərin həcmi və dəyəri qiymətləndirilir. Dəymiş ziyan tam müəyyən edildikdən və qiymətləndirmə aparıldıqdan sonra hökumət tərəfindən Tədbirlər Planı hazırlanacaq, fəsadların tam aradan qaldırılması ilə bağlı təkliflər Azərbaycan Prezidentinə təqdim ediləcək.
Tovuz rayonunun sərhəd bölgəsində Ermənistanın hərbi təxribatı nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində tədbirlər operativ olaraq həyata keçirilir.
Azərbaycan dövlətinin daim öz vətəndaşının yanında olması sərhəd bölgəsində düşmənlə üz-üzə duran və hər an düşmən təxribatı ilə qarşılaşmaq təhlükəsi olan sakinlərə ruh yüksəkliyi verir. Bu, bir daha göstərir ki, Azərbaycanda dövlət siyasətinin ana xəttini insan amili təşkil edir və dövlətimiz vətəndaşına hər zaman dəstək göstərməyə, onun təhlükəsizliyini təmin etməyə hazırdır.