Xüsusi karantin rejimində evdən çıxmayan vətəndaşlar kommunal xidmətlərdən daha çox istifadə edirlər. Müvafiq olaraq, vətəndaşların həmin xərcləri də artır.
Bu günlərdə borca görə vətəndaşın qazı, suyu və işığı kəsilə bilərmi?
Rakus.az xəbər verir ki, mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.
“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyib ki, COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə görülən tədbirlər çərçivəsində bu günlərdə borca görə heç kimin suyu kəsilə bilməz: “Əsas diqqət buna yönəlib ki, vətəndaşlarımız içməli su ilə bağlı problemlə üzləşməsinlər. Biz müvəqqəti olaraq mexaniki sayğacların gösətəricilərinin oxunmasını da dayandırmışıq. Bu gün əməkdaşlarımız mənzillərə getmirlər. Biz bütün kontaktları sıfıra endirmişik. Əməkdaşlarımız hec kimin qapısını döymürlər, sayğaclara baxış keçirmirlər və suyun kəsilməsi ilə bağlı hər hansı xəbərdarlıq etmirlər”.
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov isə deyib ki, karantin rejimində bu məsələyə xüsusi diqqət və anlayışla yanaşılır: “30 gün keçdikdən sonra da ödəniş etməyən abonentin qazı kəsilməyəcək”.
“Azərişıq” ASC isə abonentlərə borca görə güzəşt etmir. Hətta evlərə xəbərdarlıq bildirişləri də gəlib. Qurum bu günlərdə vətəndaşların istifadə etdiyi elektrik enerjisinə görə borc yaranmasın deyə, bütün növ xidmətləri onlayn şəkildə davam etdirir. (Oxu.az)