Kəlbəcərin təhvili uzadıldı: Ağdamın birinci qaytarılmasına gətirib çıxaran SƏBƏBLƏR - VİDEO
Bilindiyi kimi, Azərbaycan, Ermənistan və Rusiya dövlət başçıları arasında imzalanmış Bəyanata əsasən, işğal altında olan üç rayonun Azərbaycana təhvil verilməsi nəzərdə tutulur.
İlkin anlaşmaya görə, Kəlbəcər rayonu noyabrın 15-dək, Ağdam rayonu noyabrın 20-dək və Laçın rayonu dekabrın 1-dək təhvil verilməli idi.
Artıq xarici media orqanlarının yaydığı videogörüntülərdən də bəlli idi ki, Kəlbəcərdə qeyri-qanuni məskunlaşmış erməni əhalisi artıq köçməyə başlayıb. Bu üzdən bu gün Azərbaycan ictimaiyyəti Kəlbəcərin hərbçilərimiz tərəfindən tam nəzarətə alınacağı gözləyirdi.
Ermənilərin Rusiya vasitəsilə Azərbaycandan xahişi
Lakin bu gün Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirdiyi brifinqdə Kəlbəcər rayonunun təhvil verilməsi prosesinin 10 gün sonraya – noyabrın 25-nə keçirildiyini açıqladı:
“Ermənistan Kəlbəcərin təhvil verilməsi üçün noyabrın 25-nə kimi vaxt istəyib. Kəlbəcər rayonu coğrafi baxımdan böyük bir ərazini əhatə edir. Onların gedəcəyi yol Kəlbəcər-Zod-Vardenis yoludur. Ərazinin coğrafiyası və relyefi də çətindir. Yolda sıxlıq əsaslı şəkildə artıb… Kəlbəcərdə yerləşdirilən mülki əhalinin çıxması ilə bağlı Azərbaycan humanist addım atıb və noyabrın 25-dək onlar ərazini tərk edəcəklər”.
Göründüyü kimi, Ermənistan hökuməti Rusiya prezidenti Vladimir Putinə Kəlbəcərin təhvil verilməsi üçün Azərbaycanın vaxt verməsini istəyib. Azərbaycan prezidenti İlham Əliyevlə Putin arasındakı telefon danışığı zamanı bu məsələdə müzakirə mövzusu olub.
Ölkə başçısının humanist addımı nəticəsində ermənilərə daha 10 gün müddət verilib. Halbuki 1993-cü ildə Kəlbəcərin işğalı zamanı erməni hərbi birləşmələri əhaliyə rayonu tərk etmək üçün cəmi 10 saat vaxt vermişdi. Buna baxmayaraq, Azərbaycan humanistlik göstərərək daha 10 gün gözləməyə razılaşıb.
Ağdamın birinci təhvil verilməsi daha məqsədəuyğundur
Əslində bu məsələdə 10 gün səbirli olmaq kifayətdir. Ağdamın işəal altında qalan rayonlardan birinci təhvil verilməsi daha məqsədəuyğundur. Bu məsələdə indi qeyd edəcəyimiz məsələ də nəzərə alınıb.
1. Deyək ki, Kəlbəcər bu gün Azərbaycan Ordusunun ixtiyarına keçsəydi, Ağdamda məskunlaşmış ermənilər Dağlıq Qarabağın hazırda ermənilərin əlində olan ərazilərində qalmağa məcbur olurdu. Çünki onlar köç etmək üçün keçmiş Ağdərə (indiki Tərtər rayonunun hissəsi) rayonunun mərkəzi – Ağdərə şəhəri vasitəsilə Kəlbəcərə, ordan da Ermənistana getməli idilər. Lakin noyabrın 15-dən Kəlbəcər Azərbaycan Ordusunun əlində olacağından, ermənilərin köçü mümkünsüz bir məsələyə çevrilirdi.
2. Ağdamdakı etnik ermənilərin Laçın dəhlizi vasitəsilə də öz ölkələrinə getmək imkanı var. Lakin burda da onlara bir məqam mane olur. Onlar keçmiş Əsgəran, indiki Xocalı rayonundan Xankəndiyə kimi gəlsələr də, Laçına getmək üçün Şuşadan keçməyə məcbur idilər. Şuşa şəhəri isə Azərbaycanın əlində olduğundan, Xankəndindən Laçına isə Bəyannamədə nəzərdə tutulmuş ayrıca yol açılmadığından, bu variant da xeyli çətinbeləcə mümkünsüz olur.
3. Ağdamın ilk təhvil alınması həm də Azərbaycan Ordusunun qərb istiqamətdə ərazilərə daha tez sahib çıxmasına və bununla Xocalıya və Xocavəndə nəzarət etmək imkanı əldə edəcək.
Sonda bu qərarın qəbulu bir daha sübut edir ki, Ermənistandan fərqli olaraq, Azərbaycan həm müharibə, həm də sülh dövrünün qaydalarına tam əməl edir. Hərbi əməliyyatlar zamanı mülki şəxsləri və yaşayış məntəqələrini hədəf seçməyən Ordumuz hazırda işğal altındakı rayonların sakit və təhlükəsiz şəkildə təhvil alınmasını təmin edir.