“Amağuya 20 maşın erməni saqqallıları dolmuşdu” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.
Rakus.az xəbər verir ki, “Bizim Vətənimiz hələ yad əllərdədir” adlı veriliş Dərələyəz mahalının Keşişkənd rayonunun Amağu kənd sakini Elmira Hüseynovanın həyat hekayəsinə həsr olunub.
O, 1959-cu ildə anadan olduğunu deyib, gözəl keçən uşaqlıq, məktəb, gənclik illəri, kənd həyatı ilə bağlı xatirələrini bölüşüb, kəndin tarixindən, toy ənənələrindən söz açıb.
Onun sözlərinə görə, 1905-ci ildə daşnaklar kəndi tamamilə dağıdıb, camaatı qırıblar: “Başqa qonşu kəndlərdən köçüb gələnlər, ya öz kəndimizdən qalanlar olubsa, kəndə yenə qayıdıblar. İkinci soyqırımı 1918-ci ildə olub. Bizim kənddə səngərlər çox olduğuna görə, qonşu 6-7 kənddən gəlib bizim kənddə məskunlaşıblar. Orada Haçal Qayada gizlənib. Ermənilər insanları aldadıb hamısını öldürüblər. İnsanların kürəyinə somavar bağlayıb yandırıb, başlarını kəsib, müsibətlər törədiblər”.
Ermənilərin Amağuda türkçülüyə, oğuz elinə aid bütün tarixi abidələrin saxtalaşdırdığını söyləyən kənd sakini yaşadığı deportasiya həyatından, erməni vəhşiliyindən danışıb: “Bizim kəndimizdə köç 1988-ci ilin iyunun 21-də başladı. Azərbaycanlılara qarşı təhdidlər başlamışdı. Kəndə 20 maşın erməni saqqallıları dolmuşdu. Milis rəisi dayıma dedi ki, çıxın gedin. Çünki saqqallılar başqa əhvalla gəlib, qan çıxarmaq istəyirlər. Beləcə kənd camaatı ilə birgə yük maşınları ilə Şərura gəldik və noyabr ayına qədər Şərurda qaldıq, sonra Bakıya gəldik.
E.Hüseynova Vətən həsrətindən, doğma yurda qayıdış istəyindən danışıb: “Orada nənəmin, babamın, nənələrimin, babalarımın məzarı qalıb. Orada gözəl uşaqlıq illərim qalıb. Uşaqlığın harada keçirsə, ora sənin üçün Vətəndir. Bizim də Vətənimiz hələ ki, yad əllərdədir. Biz 37 ildir Bakıdayıq, kimi dindirirsən oradakı dağ, bulaq, yamaclardan danışır. İnşallah, biz gedib oraları gəzəcəyik, əlimizi o dağlara, daşlara, bulaqlara toxunduracağıq. Buna çox inanıram”.
Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş sentyabrın 12-də saat 20:40-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.