Kimlər semestr imtahanlarını sentyabrda verəcəklər?
“İyun-iyul aylarında imtahanda iştiraka hazır olmayan tələbələr üçün tədris ili öncəsi, yəni avqustun sonu, sentyabrın ilk 15 günü ərzində ali təhsil müəssisələrində tədris semestrinin sessiyası keçiriləcək”.
Rakus.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov bildirib.
Onun sözlərinə görə, son tədris ilində tələbələrin yekun attestasiyasının onların dörd illik qiymətləndirilməsinə əsasən həyata keçirilməsi məqbul hesab olunur:
Nazir deyib: “O tələbələr barədə ali təhsil müəssisələrində kifayət qədər ətraflı məlumat mövcuddur. Buraxılış işi yazanlar isə onlayn şəkildə işlərini təqdim edəcək. Ali təhsil müəssisələrində tədris semestrinin uzadılması nəzərdə tutulmur”.
Onun sözlərinə görə, ali təhsil müəssisələrində 176 minə yaxın tələbə təhsil alır, onların 75 faizi onlayn dərslərə qoşulub: “Son tədris ilində olan 40 minə yaxın tələbə təcrübədə olmalı idi. Onların onlayn dərslərə qoşulması məcburi deyildi”.