Leyla Əliyeva Maqomayevin məzarını ziyarət etdi
Avqustun 17-də görkəmli müğənni, bəstəkar, Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin doğum günüdür.
Rakus.az xəbər verir ki, bu münasibətlə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, sənətkarın həyat yoldaşı, SSRİ-nin xalq artisti Tamara Sinyavskaya, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov, xalq artisti Eldar Quliyev, tanınmış incəsənət, mədəniyyət və ictimaiyyət nümayəndələri Fəxri Xiyabanda M. Maqomayevin qəbrini ziyarət ediblər.
Leyla Əliyeva onun çox böyük, işıqlı və səxavətli insan olduğunu diqqətə çatdırıb: “Mən inanıram ki, Müslüm Maqomayev ölməyib, bu gün də bizimlədir”.
F. Əlizadə qeyd edib ki, Müslüm Maqomayevi yad edənlər hər il onun məzarını ziyarətə gəlirlər: “Allah Müslüm Maqomayevə bütün gözəl cəhətləri bəxş etmişdi. Onun bariton səsi ən çətin operaları ifa etməyə imkan verirdi. Müslüm Maqomayev həm rəssam, həm də bəstəkar idi. O, həm də Mario Lansa haqqında kitabın müəllifidir. Müslüm Maqomayev Azərbaycan mədəniyyətinin ən parlaq simasıdır”.
Musiqiçinin həyat yoldaşı Tamara Sinyavskaya gələnlərə təşəkkürünü çatdırıb: “Artıq 11 ildir ki, onu sevənlər qəbrini ziyarətə gəlirlər. Onun xatirəsini andığınız üçün hər birinizə bir daha təşəkkür edirəm”.
E. Quliyev Müslüm Maqomayevin işıqlı insan olduğunu deyib: “Onu bir sözlə ifa etmək, sözlərlə təsvir etmək çox çətindir. Biz onunla eyni dövrdə yaşadığımız üçün xoşbəxt olmalıyıq. Onun yaradıcılığı istər musiqiçi, istər bəstəkar kimi çox böyükdür. Biz hər il M. Maqomayevin doğum günündə buranı ziyarət etməklə təkcə onu deyil, özümüzü də yaşadırıq”.
Sonra bəstəkarın məzarı üzərinə əklil qoyulub, çiçəklər düzülüb.