Liviyaya qoşun göndərilməsinə Türkiyə parlamenti icazə verəcək
“Qanunvericilər yanvar ayının əvvəlində Tripolidə BMT-nin dəstəklədiyi hökümətə dəstək məqsədi ilə Liviyaya qoşun göndərilməsinə icazə verəcək qanun layihəsi üzərində səsvermə keçirəcək”.
Rakus.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
R.T.Ərdoğan bildirib ki, parlament səsverməni tətildən qayıdandan sonra yanvarın 8-də və ya 9-da keçirəcək. Onun partiyası parlamentdə çoxluq təşkil edir və bu səbəbdən də qanun layhiəsinin təsdiq olunma ehtimalı çox yüksəkdir. Lakin əsas müxalifət partiyası Türkiyənin Liviyaya hərbi müdaxiləsinə etiraz edir.
Ərdoğanın sözlərinə görə, Liviyaya qoşun göndərmək istəməyinə səbəb Liviyanın baş naziri Faiz Sərracın yardım çağırışı olub. İki lider ötən ay İstanbulda təhlükəsizlik sazişi imzalayıb.
Sərracın Milli Birlik Höküməti Tripolinin nəzarətini ələ keçirmək istəyən şərqi Liviyanın de fakto lideri general Xəlifə Hifterin başçılığı ilə aparılan hücuma qarşı mübarizə aparır.
Milli Birlik Höküməti və Liviyanın şərqindəki rəqib hökümət müxtəlif yarı-hərbi dəstələr və xarici hökümətlər tərəfindən dəstəklənir. Ölkədə Müəmmar Qəddafinin 2011-ci ildə hakimiyyətdən devrilərək, öldürülməsindən bəri qeyri-sabitlik yaşanır.