Magistraturaların boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlandı
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri Dövlət İmtahan Mərkəzinin (DİM) internet saytında yerləşdirilib.
Rakus.az xəbər verir ki, DİM-dən verilən məlumata görə, bakalavrlar müsabiqənin nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Qəbul olan bakalavrların siyahısı, müsabiqə nəticəsində formalaşmış keçid balları “Magistr” jurnalının 7-ci sayında veriləcək. Jurnalın elektron versiyasını (PDF formatında) sabah günün ikinci yarısından etibarən DİM-in saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş əsasında əldə etmək olar (http://eservices.dim.gov.az/ejurnal/).
Magistraturanın boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 2186 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 757 nəfər (o cümlədən 42 nəfər dövlət sifarişi əsasında) magistraturaya qəbul olub.
Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar sentyabrın 4-dən 9-dək sənədlərini müvafiq təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər.
Bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı ali təhsil müəssisələri tərəfindən onlayn qaydada həyata keçirilir. Bakalavrlar qəbul olunduqları ali təhsil müəssisələrinin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb olunan sənədlər və onlayn qeydiyyatın forması ilə tanış ola biləcəklər.
Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar magistratura səviyyəsinə qəbul olunanların siyahısından xaric ediləcəklər.