Maska taxmayanlar avtobusa minə bilməyəcək – BNA
Bakı Nəqliyyat Agentliyi (BNA) sərnişinlərə müraciət edib.
Rakus.az xəbər verir ki, müraciətdə bildirilir ki, dövlətin həyata keçirdiyi profilaktik və sanitar maarifləndirmə tədbirlərinə baxmayaraq qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda infeksiyanın yayılmasına şərait yaradan hallara yol verildiyi müşahidə olunur.
“Dayanacaqlarda, nəqliyyat mübadilə mərkəzlərinin ərazisində gözləyərkən və avtobuslarda səyahət edərkən tibbi maskadan istifadə edilmir.
Bu kimi sosial məsuliyyətdən kənar davranışlar sərnişindaşımaların təşkili baxımından olduqca təhlükəlidir. Mövcud vəziyyət sürücülər və dispetçerlər arasında yoluxma riskini ciddi şəkildə artırır ki, bu da nəticə etibarı ilə marşrut xətlərinin fəaliyyətinin dayanmasını qaçılmaz edir.
Bu cür xoşagəlməz halların yolverilməzliyini qeyd edərək bir daha sərnişinləri anlayışlı və sosial məsuliyyətli olmağa dəvət edirik. Bildiririk ki, ictimai nəqliyyatda koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlərə birmənalı riayət olunmalıdır.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən də ictimai nəqliyyatda maskadan istifadə məcburidir. Qoruyucu maskadan istifadə etməyən sərnişinlərin ictimai nəqliyyatda hərəkəti məhdudlaşdırılacaq”, – deyə BNA-dan bildirilib.