Mehriban Əliyeva: Gəncə Azərbaycanın döyünən ürəyidir
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistanın Gəncədə törətdiyi terror aktı ilə bağlı rəsmi “Instagram” səhifəsində daha bir paylaşım edib.
Rakus.az xəbər verir ki, paylaşımda deyilir:
Bu gecə erməni təcavüzkarları Gəncəyə xaincəsinə hücum ediblər.
Niyyət sadə və eyni zamanda, dəhşətlidir – mümkün qədər çoxsaylı dinc sakinləri məhv etmək, panika yaratmaq, Azərbaycan xalqını qorxutmaq.
Lakin təcavüzkar heç vaxt öz çirkin məqsədlərinə nail olmayacaq. Bu şanlı şəhərin sakinləri ruhən çox güclüdürlər! Gəncə – Nizamidir, Məhsətidir, Vazehdir! Lakin Gəncə təkcə Azərbaycanın mədəni irsi deyil.
Gəncə – qədim dövlətçiliyimizin beşiyidir.
Bu, sarsılmaz dözüm, mərdlik və igidlik rəmzidir!
Gəncə Cavadxanın yurdudur. Bu şəhər Şərqdə ilk demokratik cümhuriyyətin müstəqilliyi uğrunda sona qədər vuruşmuş şəhərdir.
Gəncə Azərbaycanın döyünən ürəyidir və heç kəs heç vaxt onun sakinlərinin məğrur ruhunu sındıra bilməz!