Məmmədyarov Hindistanın Xarici İşlər naziri ilə görüşdü - FOTO
BMT BA-nın 74-cü sessiyası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Hindistan Respublikasının Xarici İşlər naziri Dr. Subrahmanyam Caişankar ilə görüşüb.
Rakus.az xəbər verir ki, Xarici İşlər Nazirliyindən (XİN) bildirilib ki, nazirlər iki ölkə arasında əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi imkanları, o cümlədən iqtisadi, nəqliyyat, turizm və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə etdilər.
Nazir Elmar Məmmədyarov Azərbaycanın iştirakı ilə bölgədə həyata keçirilən nəqliyyat, bağlılıq layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, Ələtdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı haqqında Hindistanlı həmkarına məlumat verərək, bu layihələrin regional əməkdaşlığa və Şərq-Qərb dəhlizinin inkişafına töhfə verdiyini və yükdaşımaların vaxt və maliyyə baxımından daha effektiv həyata keçirilməsi üçün əlverişli şərait yaratdığını qeyd etdi.
Tərəflər, həmçinin Qoşulmama Hərəkatının qarşıdan gələn Bakı Zirvə görüşü və Hindistan nümayəndə heyətinin tədbirdə iştirakı məsələləri üzrə fikir mübadiləsi apardılar.
Görüşdə qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri müzakirə edildi.