Məşqçi Məsut Özilə 90 dəqiqə oynamaq şansı verdi
Unay Emerinin vaxtında əsas heyətdən kənarda qalan “Arsenal”ın futbolçusu Məsut Özil Premyer Liqanın 21-ci turunda “Mançester Yunayted”lə dünənki oyunda inamlı çıxışı ilə diqqəti çəkib.
Rakus.az xəbər verir ki, yeni baş məşqçi Mikel Arteta almaniyalı yarımmüdafiəçiyə 90 dəqiqə oynamaq şansı verib. O, isə bu etimadı doğruldub.
“Mançester Yunayted”in əfsanəvi oyunçularından olmuş Rio Ferdinant “Bt Sport”da “Arsenal”ın 2:0 hesabı ilə qalib gəldiyi matçı şərh edərkən Özil haqda müsbət fikirlər səsləndirib. “Məsut Özilin 18 ayda ilk dəfə güldüyünü gördüm” – deyə o bildirib. “Arsenal”ın keçmiş müdafiəçisi Martin Keovn isə “O artıq geri döndü” şərhini verib.
Xatırladaq ki, Özillə 37 yaşlı baş məşqçisi Arteta 3 il “Arsenal”da birgə çıxış ediblər.
Əlavə edək ki, “Arsenal” son 5 oyunda qələbə qazana bilməmişdi. “Topçular” bütün turnirlərdə isə son 15 oyunda cəmi bir dəfə 3 xala sevinmişdi. (qol.az)