Messi 6-cı dəfə “Qızıl top”un sahibi oldu - VİDEO
“Barselona”nın hücumçusu, argentinalı Lionel Messi altıncı dəfə “Qızıl top” mükafatına layiq görülüb.
Rakus.az xəbər verir ki, bu qərar məşhur “France Football” nəşrinin Avropanın ən yaxşı futbolçusunu müəyyən etmək üçün keçirdiyi səsvermənin nəticəsində bəlli olub.
Qalibin adı Fransanın paytaxtı Parisdə keçirilən tədbirdə açıqlanıb. “Şatle” teatrında təşkil olunan mərasimdə argentinalı ulduzu ötənilki qalib Luka Modriç təltif edib.
32 yaşlı hücumçu karyerası ərzində rekord sayda – 6-cı dəfə bu mükafata layiq görülüb. Bununla da o, “Qızıl top” sayında “Yuventus”un hücumçusu Kriştiano Ronaldonu geridə qoyub. “France Football”ın səsverməsində “Liverpul”un nidelandlı futbolçusu Vircil van Diyk 2-ci, “Yuventus”un portuqaliyalı oyunçusu Kriştianu Ronaldo 3-cü olub. Sonadək adı bu “üçlük”lə yanaşı, namizədlər sırasında olan digər “Liverpul”lu, Seneqal millisinin üzvü Sadio Mane 4-cü yeri tutub.
“Qızıl top”a namizədlərin ilk 10-luğu belədir:
1. Lionel Messi (Argentina, “Barselona”)
2. Vircil van Diyk (Niderland, “Liverpul”)
3. Kristiano Ronaldo (Portuqaliya, “Yuventus”)
4. Sadio Mane (Seneqal, “Liverpul”)
5. Məhəmməd Salah (Misir, “Liverpul”)
6. Kilian Mbappe (Fransa, PSJ)
7. Alisson Bekker (Braziliya, “Liverpul”)
8. Robert Levandovski (Polşa, “Bavariya”)
9. Bernardo Silva (Portuqaliya, “Mançester Siti”)
10. Riyad Mahrez (Əlcəzair, “Mançester Siti”)
Xatırladaq ki, 1956-cı ildən ən yaxşıya təqdim olunan “Qızıl top” 2010-15-ci illərdə FİFA və “France Football”ın birgə təşkilatçılığı ilə sahibini tapıb.