“Minsk-2019”da Azərbaycanı təmsil edəcək boksçular- SİYAHI
Azərbaycanı ikinci Avropa Oyunlarında təmsil edəcək boksçuların adları müəyyənləşib.
Rakus.az xəbər verir ki, Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, komandamız iyunun 21-dən 30-dək keçiriləcək “Minsk-2019”da 11 idmançı ilə təmsil olunacaq. Kişilərin yarışında ölkəmizin idman şərəfini Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Lorenzo Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq), Dominqes Alfonso (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayev (+91 kq) qoruyacaqlar.
Qadın boksçuların mübarizəsində isə rinqə Məryəm Cəbrayılova (69 kq) çıxacaq.
Boks yarışları Minskin “Uruçye” İdman Sarayında keçiriləcək.
Xatırladaq ki, artıq təlim-məşq toplanışını yekunlaşdıran yığmamız iyunun 18-də Belarusa yola düşəcək.