MSK şikayəti araşdıracaq
Bu gün bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına (MSK) daxil olan müraciətlərə baxılıb.
Rakus.az xəbər verir ki, məsələ barədə məlumat verən MSK-nın üzvü Bəxşeyiş Əsgərov qeyd edib ki, 75 saylı Lənkəran-Masallı seçki dairəsində Türkoba bələdiyyəsinə namizədlər Nofəl Cəfərov və Ələkbər Şükürov tərəfindən müraciət daxil olub. Onun sözlərinə görə, müraciətdə seçki zamanı 29 və 30 saylı seçki məntəqələrində Türkoba ərazi nümayəndəsinin müavini Əfqan İbrahimov və Leyla Əzizova tərəfindən bülletenlər atılması qeyd olunub:
“Müraciətdə bildirilib ki, icra nümayəndəsi və müavini namizədlərə hara istəyir, şikayət etmələrini, bunun mənasız olacaqlarını söyləyiblər”.
Məsələ müraciət edildikdən sonra müraciətin 75 saylı Lənkəran-Masallı Dairə Seçki Komissiyasına göndərilməsi barədə qərar qəbul edib.
MSK sədri Məzahir Pənahov deyib ki, 75 saylı Lənkəran-Masallı Dairə Seçki Komissiyası müraciətə operativ qaydada baxmalıdır.